“Məqsəd atamın satdığı əmlakın pulunu əlindən almaqdır”
“Obyekti 1 milyon 200 minə Gədəbəyin icra başçısına satıb” Redaksiyamıza müraciət edən Bakı şəhəri, Xətai prospekti ev 38, mənzil 8-də yaşayan Aqil Səfərov 70 yaşlı atası, iqtisad elmləri doktoru və 2-ci qrup əlil Müstəcəb Mustafa oğlu Səfərovun bu ahıl yaşında şərlənərək həbs olunduğunu iddia edib. A.Səfərov bildirir ki, atası 8 il bundan əvvəl – 2011-ci ildə guya Əliyeva Zərifə Əli qızı adlı xanımın etibarından sui-istifadə etməklə, onun 250 min dollar pulunu alaraq, bu günə qədər geri qaytarmamaqda günahlandırılır.
Şikayətçi bildirir ki, Nizami Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Ramil Əliyev sadəcə Z.Əliyevanın şikayət ərizəsi və Nuşirəvan Əliyev adlı şəxsin yalançı şahidliyi əsasında, heç bir başqa sübut olmadan M.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsilə (dələduzluq) cinayət işinin başlanması barədə qərar verib.
“Afurca” İstirahət Mərkəzinin sənədləşməsinə 500 min dollar? A.Səfərovun dediklərindən belə məlum olur ki, Quba rayonu ərazisində onun atasına aid 20 sot torpaq və onun üzərində bir neçə köhnə kotec tipli tikili olub. Həmin yer “Afurca” istirahət mərkəzi adlanıb. Z.Əliyeva şikayət ərizəsində bildirib ki, guya hansısa yas məclisində tanış olduğu Müstəcəb Əliyev ona təklif edib ki, ümumilikdə həmin yerin sənədləşdirilməsinə çəkməli olduğu 500 min dollar(!) xərcin yarısını ona verərsə, Z.Əliyevanı bu yerə özünə şərik edəcək. İddiaçı bildirib ki, həmin vəsaiti 2011-ci ildə Bakı şəhərində M.Səfərova verib.
M.Səfərovun adından baş prokuror Zakir Qaralova, həmçinin Bakı şəhər və Nizami rayon prokurorlarına ünvanlanan vəsatətdə isə deyilir ki, Z.Əliyevanın iddiaları tamamilə yalan, şər-böhtandır və müstəntiqin iştirakı ilə ona qarşı qurama cinayət işi açılıb: “Bu cinayət işinin başlamasından mənim xəbərim olmayıb. Məni müstəntiq Ramil Əliyev 5 noyabr 2018-ci ildə telefonla çağırıb, mən də polis idarəsinə getmişəm. Ramil Əliyev orada qəflətən içəri bir qadın dəvət etdi və ona dedi ki, Müstəcəb budur, nə sözün var, deyə bilərsən. Sonradan adının Zərifə Əliyeva olduğunu bildiyim həmin qadın ağzına gələn ədəbsiz sözlərlə məni təhqir edərək bildirdi ki, guya mən onun yetimlərinin 250 min dollar pulunu yemişəm…”
M.Əliyev həmin hadisədən sonra insult keçirərək, xəstəxanaya düşdüyünü bildirir: “Müstəntiq Ramil Əliyev tərəfindən qurulmuş bu səhnə məni şoka saldı, elə oradaca məni insult vurdu və təcili yardım çağırıldı. O vaxtdan 22 fevral 2019-cu ilə qədər müxtəlif xəstəxanalarda müalicə olunmuşam və bütün dövlət orqanlarına bu qondarma cinayət işilə bağlı müraciət etmişəm. Həmin müraciətlərimdə yaşayış yerim və mobil nömrəm göstərilib. Bu müraciətlərə xeyli cavablar gəlsə də, nədənsə müstəntiq Ramil Əliyevin “çağırışları” mənə çatmayıb. Nəticədə qəsdən səhnə quraraq, guya mənim qaçıb-gizləndiyim görüntüsü və bunun da əsasında həbsimə qanunsuz olaraq, şərait yaradılıb…”
“Mənim nəinki ağ rəngli cipim, heç sürücülük vəsiqəm də olmayıb…” Şikayətçi müraciətində bildirir ki, Z.Əliyevanı heç vaxt tanımayıb və ondan pul almayıb. Onların guya hansısa yas mərasimində tanış olması iddiası isə tam yalandır. Ən azından ona görə ki, heç bir yas məclisində kişilərlə qadınlar bir yerdə oturmurlar. Həmçinin, Z.Əliyeva bu yas məclisinin kimə aid olduğunu da deyə bilmir, çünki belə bir şey olmayıb: “Mən cinayət törətməmişəm, Zərifə Əliyevanı tanımıram və onu birinci dəfə müstəntiqin otağında görmüşəm. İstintaq zamanı Z.Əliyevanın ifadəsinə istinad edilib və Nuşirəvan Əliyevin ziddiyyətli ifadələri əsas götürülüb. Z.Əliyeva bildirir ki, guya Quba rayonu ərazisindəki “Afurca” istirahət mərkəzini sənədləşdirmək üçün 2011-ci ilin iyun ayında Bakı şəhərində ağ rəngli “Prado”da mənə 250 min ABŞ dolları verib. Halbuki, mənim nəinki ağ rəngli cipim, heç sürücülük vəsiqəm də heç vaxt olmayıb.”
“Məqsəd “Afurca”nın satışından əldə olunan pulu ələ keçirməkdir…”
Redaksiyamıza müraciət ünvanlayan M.Səfərovun oğlu Aqil Səfərov iddia edir ki, atasının şərlənməsində onu 2012-ci ildən tanıyan Nuşirəvan Əliyevin xüsusi rolu olub. Çünki bundan əvvəl onların arasında ədavət var imiş. O, iddia edir ki, burada əsas məqsəd isə sözügedən ərazinin satışından əldə etdiyi pulun atasının əlindən alınmasıdır. Və bu işdə Z.Əliyeva, N.Əliyev və müstəntiq maraqlıdır. Çünki bütün bu əsassız iddialar həmin ərazi satılandan sonra ortaya atılıb. Bundan isə N.Əliyev xəbər tutub.
M.Səfərov öz vəsatətində Z.Əliyevanın guya 2011-ci ildə baş verən hadisəni 7 il sonra “yada salmasını” qurulmuş səhnə hesab edir: “Zərifə Əliyeva məni nə vaxt tanıdı ki, 250 min dollar da etibar etsin? Belə böyük məbləğdə vəsait verən şəxs məntiqlə həm məni yaxından tanımalı, həm istirahət mərkəzinə baxmalı, həm də bu məsələni birgə müzakirə etməli idi.
Necə olur ki, 7 ildir guya mənə külli miqdarda pul verən bu “zərərçəkmiş” xanım heç bir orqana və ya mənə, ailə üzvlərimə, yaxud heç olmasa öz yaxını Nuşirəvan Əliyevə müraciət etməyib? Necə olur ki, bir dəfə də mənim daim işlək vəziyyətdə olan telefonuma zəng edərək, pulunu tələb etməyib?”
M.Səfərov həmçinin istintaqı sənədləşmə üçün 500 min dollar pulu hansı dövlət qurumunun istədiyini və bunun ümumiyyətlə nə dərəcədə ağılabatan, həqiqətə uyğun olduğunu araşdırmamaqda günahlandırıb. O, iddia edir ki, öz qızlarının adına sənədləşdirdiyi həmin ərazini cəmi 100 min dollara satıb. Buna aid alqı-satqı sənədləri mövcuddur. Lakin istintaq maraqlanmır ki, bu dəyərdə olan ərazinin təkcə sənədləşdirilməsinə necə 500 min dollar xərcləmək olardı və “zərərçəkən” buna necə inanaraq, ona 250 min dollar verə bilərdi?
“Döyüb, qolumu sındırıb polis bölməsinə apardılar…”
Şikayətçi bildirir ki, onu 2019-cu ilin fevralında guya istintaqdan yayındığı üçün yaşadığı evin həyətində döyərək, həbs ediblər və bu zaman 70 yaşında kişinin qolu sınıb. Və həmin dövrdən bu günə qədər həbsdə olsa da, heç bir istintaq hərəkəti aparılmayıb. İş isə Nizami Rayon Polis İdarəsinin digər müstəntiqi Nicat Nayıbova ötürülüb: “22 fevralda 3 nəfər mülki geyimli şəxs məni evimin qarşısında döyüb, qolumu sındıraraq xəsarət yetirmiş, ləyaqətsiz formada zorakılıqla polis maşınına mindirərək Nizami RPŞ-nin 25-ci bölməsinə aparmışlar. Həmin xəsarətdən sonra sol qolumda əməliyyat aparılıb. Hazırda da sağlıq durumum ağır vəziyyətdədir. Buna baxmayaraq, 22 fevraldan indiyədək həbsdə olsam da, heç bir istintaq hərəkəti aparılmayıb – cəmi bir dəfə müstəntiq Nicat Nayıbov yanıma gələrək, pulu ödəməsəm 10 il cəza verəcəyilə hədələyərək, gedib”.
M.Səfərov şərləndiyinin əsas sübutlarından biri kimi də işdə şahidlik edən Nuşirəvan Əliyevin yalanının ifşa edilməsini göstərir: “Bu adam 2013-cü ildə başqa bir cinayət işi üzrə rəsmi ifadəsində göstərir ki, məni 2012-ci ilin may ayında tanıyıb. Bəs necə olub ki, məni yalnız 2012-ci ilin mayından tanıyan N.Əliyev 2011-ci ilin iyununda Zərifə Əliyeva ilə birlikdə mənə 250 min dollar pul verib? Bu fakt niyə araşdırılmır?”
Onu da qeyd edək ki, Nizami Rayon Prokurorluğu bir dəfə 2018-ci ilin aprelində bu cinayət işinin ləğv edilməsi barədə qərar verib. Qərarı imzalayan prokuror Pərviz İbayev müstəntiq Ramil Əliyevin qərarının əsassız olduğunu qeyd edib. Lakin necə olubsa, iş digər müstəntiq Nicat Nayıbovun vəsatəti, Nizami Rayon prokuroru Pərviz İbayevin təqdimatı əsasında yenidən təzələnib və M.Səfərov istintaqdan yayınmaq adı altında Nizami Rayon Məhkəməsinin hökmü ilə həbsə atılıb.
“Deyir ki, mənim arxamda İlqar Abbasov durur…” M.Səfərovun oğlu Aqil Səfərov deyir ki, ahıl yaşında olan atasına qarşı törədilən bu qanunsuzluqla bağlı Bakı şəhər prokuroru İlqar Abbasovun qəbulunda olub. Buna səbəb “zərərçəkmiş” Zərifə Əliyevanın məhkəmədə və digər yerlərdə məhz İ.Abbasova arxalandığını söyləməsi olub: “Z.Əliyeva açıq şəkildə deyir ki, İlqar Abbasova güvənir. Mən də prokurorun qəbulunda oldum. O, hər şeyin araşdırılacağını deyərək, atamın ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət etməyimizi məsləhət gördü. Ancaq biz müraciət edən kimi, prokuror protest verdi və yaşlı, xəstə atam yenə həbsdə saxlanıldı”.
Hazırda M.Səfərovla bağlı seçilmiş həbs-qətimkan tədbirinin vaxtının bitməsinə bir aya yaxın vaxt qalır. A.Səfərovun dediyinə görə, artıq ona işin polis idarəsindən prokurorluğa ötürüldüyü barədə məlumat verilib. Demək olar ki, indiyə qədər bütün müvafiq dövlət orqanlarına müraciət edən A.Səfərov atasına qarşı törədilən bu ədalətsizliyin aradan qaldırılmasını və ahıl yaşlarında olan xəstə bir adamın kimlərinsə tamahı ucbatından həbsxanalarda çürüdülməsinə göz yumulmamasını xahiş edir.
Müstəcəb Səfərov isə prokurorluq orqanlarına ünvanladığı vəsatətin sonunda Nizami rayon prokuroru Pərviz İbayevə müraciət edir: “Belə biabırçı istintaq sizə yaraşmaz, cənab Pərviz İbayev!…”
“Pulu alanda tanıyırdı, indi tanımır?” “AzPolitika”nın əməkdaşı Səfərovların bu iddia və ittihamlarına münasibət öyrənmək üçün qarşı tərəfə – Zərifə Əliyevaya müraciət edib. O, şikayətinin əsaslı olduğunu bildirib. “Pulu alanda tanıyırdı, indi tanımır? Mən niyə gəlib, məsələn, sizdən şikayət eləmirəm ki, mənə pul atıbsınız? Mən haqlıyam, hamı bilir ki, Müstəcəb mənə pul atıb. Durduq yerdə kimisə suçlamaq olarmı? Şahidlər var, en qədər. Bütün respublika bilir, hətta Prezident də… 7 il keçib. Qohum-əqrəbaya görə mən dayanmışdım, deyirdim ki, gətirər verər. Qaçıb gizlənmişdi”. Z.Əliyeva deyir ki, M.Səfərova pul verdiyi istintaqda sübut olunub. “İstintaq hər şeyi müəyyən edib. Qanun var, polis, prokuror, istintaqdan keçirilmiş şahidlər var. Artıq dördüncü dəfədir o bu əmələ görə həbs olunur”.
Şikayətçi deyir ki, pulu M.Səfərova rəsmi ittihamda öz əksini tapdığı kimi, Quba rayonunda yerləşən “Afurca” istirahət mərkəzini sənədləşdirmək üçün verib. Bu obyekt şəriklik əsasında onun adına sənədləşdirilməli idi.
“Gədəbəyin icra başçısına satıb…” Bəs necə ola bilər ki, 100 min dollara satılmış obyektin sənədləşdirilməsi və şərikliyi üçün 250 min dollar verilib? Z.Əliyeva bu sualımıza əsəblə belə cavab verib: “İstintaq hamısını müəyyənləşdirəcək ki, 100 minə satıb, 200 minə satıb… 1 milyon 200 minə Gədəbəyin icra başçısına satıb! Bunu istintaq müəyyən edib e, mən müəyyənləşdirməmişəm… Sizə müraciət edib, yaxşı edib. Araşdırın, istintaq materialları ilə tanış olun. O şəhidin miras puludu. Onu yiyə bilməz! Heç kim yeyə bilməz!”
Z.Əliyeva deyir ki, ona ən çox təsir edən M.Səfərovun etiraf etməməsi, əksinə, onu tanımadığını iddia etməsidir. Deyir özü və ya övladları bağışlanmaq üçün müraciət etsəydilər, bağışlayardı, onun həbsə düşməsinə razı olmazdı.
O ki qaldı elə etibar etmədiyi, yaxından tanımadığı adama elə böyük məbləğdə pulu verməsinə, Z.Əliyeva aldandığını bildirir: “Mən əvvəldən bilsəydim ki, belə bir adamdır, ona heç qəpik də verməzdim. İnsan elədiyini etiraf edər, amma o deyir səni tanımıram və pul almamışam, ona görə də qanun qarşısında cavab verəcək. Öləcək, qoy türmədə ölsün! Məni yiyəsiz görmüşdü? Bəsdir 7 il mən onu yola verdim.
İstintaq həqiqəti müəyyənləşdirməsə, təkcə mənim sözümlə adam tutardı? 250 dollar deyil eee, 250 min dollar! Əsas olmadan kim ürək edib olmaya-olmaya belə bir şey deyər? İndiki ağlım olsaydı, verməzdim. Etibar elədik, dedik “fövqəladə”də işləyir, uzaq qohumdur, o vəzifədə işləyən belə bir şey eləməz. Obyekti var, getdik baxdıq, tərs kimi də xaraba qalmış xoşuma gəldi. Həm də rayon adamıyam da, burda başım xarab olur, dedim gedib orda bir yer açım, başım qarışsın. Mən nə bilim ki… Aldandım. Olur da, insanıq, aldananda-aldanırıq. İndiki ağlım olsa vermərəm, bir qəpik də vermərəm. Sizdən də xahiş edirəm, obyektiv araşdırın…”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?