Bir il sonra, 2020-ci ildə Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Artıq indidən bu seçkilərin azad və ədalətli keçirilməsi baxımından hansı addımların atılıb-atılmaması müzakirə mövzusuna çevrilib.
“Azərbaycanda imicmeykerlər azdır”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkşışafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı hesab edir ki, birinci növbədə qanunvericilik bazası daha da təkmilləşməlidir:
“Düzdür, ildən-ilə qanunvericlikdə təkmilləşmə aparılır. Amma yenə də müəyyən təkmilləşməyə ehtiyac var”.
Məhərrəm Zülfüqarlı seçki təbliğatının güclü olması və kampaniyanın standartlara uyğun aparılmasını vacib sayır: “Namizədlər özləri maariflənməlidir. Onların bir çoxu kampaniya apararkən çoxlu problemlərlə üzləşirlər. Təəssüf ki, Azərbaycanda imicmeykerlər azdır və olanlardan da istifadə edilmir. Əgər imicmeykerlər olsa “qara piar”a da ehtiyac yaranmaz və demokratik seçkilər keçirmək olar”.
“Sərbəst toplaşmaq sahəsində addımlar atılmalıdır”
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə azad və demokratik seçkilərin keçirilməsindən ötrü çoxşaxəli işlərin görülməsini vacib hesab edir.
“2014-cü ildə qanunvericiliyə dəyişiklik edildiyindən qeyri hökumət təşkilatlarının (QHT) fəaliyyəti məhdudlaşıdırıldı. Onların maliyyə imkanları yaxşılaşmalı, əvvəlki fəaliyyət imkanları bərpa olunmalıdır. Bundan sonra siyasi azadlıqlar sahəsində, sərbəst toplaşmaq, ifadə, söz azadlığı sahəsində addımlar atılmalıdır. Məsələn, bəzi saytlara qoyulan bloklar götürülməli, partiyaların fəaliyyətinə qeyri-rəsmi qadağalar qaldırılmalıdır. Partiya sədrlərinin rayonlarda seçicilərlə görüşünə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır. Xüsusən siyasi partiyaların bölgələrdə tədbirlərinə yaradılan maneələr götürülməlidir. Seçkilərin demokratik keçirilməsi üçün ən azından minimum şərtlər təmin olunmalıdır”.
Bəşir Süleymanlı seçki qanunvericiliyi və seçki komissiyalarının tərkibində ciddi problemlərin olduğunu söyləyir:
“Uzun illərdir bu məsələlər haqqında beynəlxalq təşkilatların hesabatları və tövsiyələri hökumətə təqdim edilib. Bu yöndə addımlar atılmalıdır ki, parlament seçkilərində hər dairədə canlanma yaransın, demokratik və azad mühit təmin olunsun”.
Hakimiyyət rəsmiləri isə, hələlik,seçki qanunvericiliyinə dəyişikliklər edilməsi və seçki komissiyalarının tərkibinin yenidən formalaşması ilə bağlı təkliflərə bir elə müsbət yanaşmırlar. Üstəlik, onlar hesab edirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Rəsmilırin fikrincə, siyasi baxışlarına görə, heç kim təzyiq və ayrıseçkiliyə məruz qalmırlar.Hakimiyyət təmsilçiləri habelə bəyan edirlər ki, müxalifət partiyalarına da ölkədə qanunlar çərçivəsində fəaliyyət imkanları tanınıb.
Hazırda, Azərbaycanda seçki komissiyaları üçdə bir prinsipi ilə formalaşıb.Komissiyaların bir hissəsi hakim Yeni Azərbaycan Partiyasından, bir hissəsi bitereflərdən, bir hissəsi də parlamentdə azlıqda qalan siyasi partiyaların təmsilçilərindən formalaşıb.
Milli Şura, Müsavat və ReAl Pratiyası kimi müxalif qüvvələrin təmsilçiləri isə komissiyalara düşə bilməyib.
Xatırlatma
Arxiv fotosu - Parlament seçkiləri 2010, namizədlərin seçki posterləri, 5 noyabr 2010 Arxiv fotosu - Parlament seçkiləri 2010, namizədlərin seçki posterləri, 5 noyabr 2010 Azərbaycanda əvvəlki illərdə seçki məcəlləsinə bir sıra dəyişiliklər edilib. Seçki kampaniyası və seçkiqabağı təşviqat müddəti azaldılıb.Müxalifət dəyişiklikləri əsasən mürtəce saysa da, hakimiyyət rəsmiləri belə fikirlərlə razılaşmayıblar.
Azərbaycanda sonuncu parlament seçkiləri 2015-ci ildə keçirilib. Seçkilərin nəticələrinə əsasən prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyası (YAP) əksər seçki dairələrində qalib gələrək Milli Məclisdə çoxluğu qoruyub.
Hakimiyyətə müxalifətdə olan qüvvələrdən Milli Şura, Müsavat və ReAl Partiyasından isə bir nəfər belə parlamentə düşə bilməyib. Onlar bunu seçki mühütünün, qanunvericliyin azad rəqabətə imkan vermməməsi və seçkilərin total şəkildə saxtalaşdırılması ilə izah ediblər.YAP isə belə tənqidləri qəbul etməyərək, ölkədə azad və ədalətli seçkilərin keçirildiyini bəyan edib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu hökmətlə müçahidəçilərin sayı ilə bağlı razıalaşmadığından Azərbaycanda son parlament seçkilərini izləməyib. Hökmət rəsmiləri ATƏT-in seçki institunun başqa ölkələrlə müqayisədə Azərbaycanda seçkilərə daha çox müşşahidəçi göndərmək istədiyini qeyd edərk, buna qarşı çıxmışdı.//AzadlıqRadiosu
Sorğu
Yeni dizaynımız necədir?