Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra demokratiya və insan hüquqları ilə bağlı müzakirələrin yeni dönəmi başlayıb.
Amma vətəndaş cəmiyyəti, söz, ifadə, birləşmə azadlıqları sahəsində qanununvericilikdə son illərdəki dəyişiklikləri misal gətirən yerli və beynəlxalq ekspertlər yeni yaranmaqda olan demokratik institutların sıradan çıxarıldığını iddia edirlər.
Seçkilərin Monitorinqi və demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli hesab edir ki, Azərbaycanda hazırda heç bir demokratikləşmə prosesi getmir:
“Ümumiyyətlə, Azərbaycan Avropa Şurasına üzv olandan sonra bir müddət demokratikləşməylə bağlı ümidlər yaransa da, qanunvericilik, hüquqi praktikanın dəyişməsi, islahatlar görüntüsü edilsə də, çox keçmədən bunlar aradan qalxdı”
Anar Məmmədli son illər insan hüquqlarının müdafiəsi sahəsində ciddi böhran yaşandığını iddia edir:
“Ölkədə demokratikləşmə ilə bağlı prosesin işartısı görünmür. İndi daha çox siyasi məhbuslarla bağlı gözləntilər var. Bu da 28 may Respublika Günü ərəfəsində gözlənilən əfv sərəncamı ilə bağlıdır. Ancaq 20, hətta 50 nəfər siyasi məhbusun azad olunması insan hüquq və azadlıqları ilə bağlı böhranlı şəraiti tamamilə aradan qaldıra bilməz”.
“Əvvəlcə sistemli şəkildə aparılan repressiyalar dayandırılmalıdır”
Anar Məmmədlinin sözlərinə görə, ölkədə çox geniş spektrdə kompleks tədbirlər keçirilməlidir ki, durğunluq şəraiti aradan qalxsın:
“ Əvvəlcə sistemli şəkildə aparılan repressiyalar dayandırılmalıdır, ümumilikdə, ifadə, söz, sərbəst toplaşmaq azadlıqlarına, siyasi partiyaların üzvlərinə, ictimai fəallara, qeyri hökumət təşkilatlarına (QHT) münasibət kökündən dəyişməlidir. Bu tipli məsələlər parlament səviyyəsində baş verməlidir, hansısa sərəncamla 20-30 nəfərin azad edilməsi ilə situasiya dəyişməyəcək”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə fərqli düşünür.
“Sabitlik olmayan ölkədə demokratiya ola bilməz”
O hesab edir ki, regiondakı prosesləri nəzərə aldıqda, qonşu ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatının inkişafı və sabit siyasi mühitin olması daha demokratik cəmiyyətin mövcudluğunu göstərir:
“Sabitlik olmayan ölkədə demokratiya ola bilməz. Müqayisə üçün Ermənistandakı prosesləri götürək, ordakı hadisılər demokratiyanın təzahürü deyil, sadəcə, cəmiyyətdəki ziddiyyətlərdən irəli gəlir. Konkret olaraq, Qarabağ klanı ilə ermənistanlılar arasındakı mübarizə hazırkı situasiyanı yaradıb”.
“Siz sabitliyi xüsusi olaraq vurğuladığınız. Ərəb ölkələrində 30-40 illik sabitliyin taleyinin acınacaqlı olmasını 2011-ci il olayları göstərdi. Bu mənada fikrinizi başqa nə ilə əsaslandıra bilərsiniz” - sualına isə Məhərrəm Zülfüqarlı belə cavab verib:
“Azərbaycanı qərb ölkələri ilə müqayisə edin. Çünki Azərbaycan şərqdə nümunəvi respublika quran xalqdır, 1918-20-ci il hadisələrini xatırlamaq yetər. İkinci, ötən əsrdə Azərbaycanın keçdiyi yolla ərəb ölkələrinin keçdiyi yol eyni deyil. Azərbaycanın öz yolu var və bu, gedişat yalnız qərb ölkələri ilə müqayisə oluna bilər.”
Müxalif partiyaların fəaliyyətinin məhdudlaşdırılması, müstəqil mediaya təzyiqlər, siyasi məhbus sayılan şəxslərin çoxluğu və QHT-lərə manelərlə bağlı deyilənlərə gəlincə, Məhərrəm Zülfüqarlı hesab edir ki “problem bütün ölkələrdə var”:
“Azərbaycanda müəyyən problem olsa da, daha az və həll olunandır. Sadəcə, qərb ölkələrinin Azərbaycana marağı problemləri şişirtməyə yönəldib. Rəsmi Bakı qərb və şərqə inteqrasiya xəttini götürüb. Bu mənada qonşu İranla, Rusiya ilə münasibətləri poza bilmərik. Ona görə Azərbaycanın balanslı siyasət yürütməsi müəyyən dövlətləri məmnun etmədiyindən düzgün olmayan fikirlər yayırlar. Hazırda Azərbaycan nümunəvi respublika kimi inkişaf edir.”
Xatırlatma
Yerli hüquq müdafiə təşkilatları ölkədə hazırda 150 civarında siyasi məhbusun olduğunu deyirlər. Amma hakimiyyət rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə, məsuliyyətə cəlb ediliblər./AzadlıqRadiosu
Sorğu
Yeni dizaynımız necədir?