Biz çar dönəminin ağırlıqlarını gördük, sovet dönəminin basqılarını gördük, amma bunların heç birinin parlaq ziyalarımızı söndürməyə gücü çatmadı. Həsən bəy Zərdabilər, Əlimərdan bəy Topçubaşilər, Əhməd bəy Ağaoğlular mayak oldu, sovet dönəminin Hüseyn Cavidləri, Əhməd Cavadları bizi ayaqda saxladılar.
Bəs, bu gün nə oldu?
“Ziyalı” var, Ziyalılıq yox. Əlbəttə ki, bu ad olaraq belədir. Biri kitab yazır, ziyalı kimi cəmiyyətə sırıyırlar, biri yaxşı çıxış edir, ziyalı kimi cəmiyyətə sırıyırlar, biri yaxşı vəzifəyə keçir, cəmiyyətə ziyalı kimi sırıyırlar, biri fəxri ad alır, cəmiyyətə ziyalı kimi siriyirlar və bu səpkidə bir neçə nümunələr çəkə bilərik. Bütün bunlar ziyalı yükünü daşımağa yetirmi ? Əlbəttə ki, yox. Heç bir zaman belə olmayıb, indidə ola bilməz. Fəxri adlar alanlar, döşlərində medal kolleksiyası sərgiləyənlər, cibində gəzdirdiyi vəsiqədən hayıl-mayıl olanlar, sözüm sizədir: Rejimin kölgəsi altında ziyalı adını söndürdüyünüzü, tarixdə görünməmiş dərəcədə o adı biabır etdiyinizin fərqindəmisiniz ? Həsən bəy Zərdabilərin, Məhəmməd Əmin Rəsulzadələrin fotoları, yazıları arxasında gizlənməyiniz bəs deyilmi ? İyrənc kölgələrinizlə keçmişdə canlarını qoymuş kişilərə niyə əzab verirsiniz ? Bütün bunları yazmaqda bir məqsədim var. Bütün bu sualları sizə ünvanlamaqla itirilmiş şərəfinizi, ölmüş ziyanızı, yatmış mənliyinizi silkələməyi düşünürəm. Bütün oxuduqlarınız, yazdıqlarınız, danışdıqlarınız yalan, özü boyda boş bir fəaliyyətdir. Günün günorta çağı şəhərin mərkəzində müharibə qaziləri döyülür, qanlara boyanır, evi başına uçurulur, siz isə cəsarətə gəlib bir kəlmə söz demirsiniz, döşünüzdə gəzdirdiyiniz medallara şərəfinizi, ləyaqətinizi satmısınızmı ? Azərbaycanın ucqar kəndlərində yaşlılar, qoca qarılar, hətta körpələr bu haqqsızlığa hayqirir, siz isə susqun və simasız şəkildə öz şəxsi mənafeyinizə xidmətdəsiniz. Mütləqiyyət xarabalıqları qurulur, vətən uğrunda can qoyanlar, ugrunda can qoyduqları məkanda ikinci dəfə şikəst edilirsə, cümlə sizli-bizli yaşamağa haqqımız varmı?
Sorğu
Yeni dizaynımız necədir?