Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, oktyabrın 1-i saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən Azərbaycan ərazisinə doğru təxribat-diversiya qruplarının hərəkəti aşkarlanıb. DSX bunun qarşısının alındığını vurğulayır.
"Həmin tarixdə sərhəd məntəqələrimiz Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub...", - açıqlamada qeyd edilib.
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.
Sorğu
Yeni dizaynımız necədir?