Həbsdə olan jurnalist Şəmistan Həziyev deyir ki, məhkəmə qərarında onun küçədə telefonla danışarkən söyüş söydüyü, polislərə tabe olmadığı yazılsa da, yalandır.
O bildirir ki, əslində, sosial şəbəkələrdəki fəallığına, jurnalist fəaliyyətinə görə həbs edilib.
Şəmistan Həziyev bu haqda noyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində onun haqqındakı qərardan verilən şikayətə baxılarkən danışıb.
Şəmistan Həziyev deyir ki, onu evlərinin yaxınlığında üç nəfər mülki geyimli saxlayıb. Öncə Yasamal rayonu, 29-cu polis bölməsinə, 7 saatdan sonra da Yasamal Rayon Məhkəməsinə aparıblar. Orada da haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 günlük inzibati həbs qərarı çıxarılıb:
“Bölmədə rəis məndən harda işləməyim, jurnalist fəaliyyətim, mitinqə gedib-getməməyim haqda soruşurdu. Söyüş söymüşdümsə, o haqda soruşardı”.
Şəmistan Həziyev təcridxanada saxlanma şəraitindən də şikayətlənib. Deyir ki, iki gün onu nazik geyimdə soyuqda saxlayıblar:
“Qəsdən pəncərəni də açmışdılar. Sonra məni əsasən narkotik istifadəçilərin, yoluxucu xəstəliyi olanların saxlandığı kameraya saldılar. Kameraya salanda da mənə güc tətbiq elədilər. Oradakı adamlar səhərə qədər qapını döyür, dərman istəyir, özünü divara çırpır. Bu gün (noyabrın 5-də) vəkilimə psixoloji işgəncələr barədə məlumat verəndə telefonu kəsdilər. Dedilər ki, bu gündən sənin danışıqlarına da “stop” qoyuldu, sənin başına dünyanı dar edəcəyik”.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov şikayəti təmin etməyib. Oktyabrın 31-dən həbsdə olan Şəmistan Həziyev haqqında Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Şəmistan Həziyev AXCP Gənclər Komitəsinin üzvüdür. AXCP-dən bildirilib ki, Milli Şuranın 19 oktyabr mitinqindən öncə və ondan sonra partiyanın 35-ə qədər fəalı həbs olunub. Onların bir qisminin cəzası başa çatıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?