Ölkədə müstəqil mətbuata və jurnalistlərə qarşı təqib, təhdid və təzyiqlər davam edir. Bir çox hallarda jurnalistlər peşə fəaliyyətinə görə qondarma ittihamlarla inzibati və ya cinayət məsuliyyətinə cəlb olunurlar. Məlum olan odur ki, hakimiyyətin söz və müstəqil mətbuata qarşı münasibəti yaxşı mənada dəyişmir, şübhəsiz, bundan sonra da dəyişməyəcək.
Masallı rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov mənim barəmdə 2-ci dəfə şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Buna səbəb rəhbəri olduğum 7gun.az saytında “Masallının bəxtinə çıxan bəla- Rafil Hüseynov” başlıqlı və “Yarıtmaz idarəetmə sisteminin başında mövcud hakimiyyət dayanır” yarımbaşlıqlı, həmçinin “Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!” başlıqlı və “Zeynal Nağdəliyevin himayə etdiyi Rafil Hüseynov rayonu viran qoyub” yarımbaşlıqlı məqalələrin dərc edilməsi olmuşdur. Artıq mənim iştirakım olmadan 07 noyabr 2019-cu tarixdə hakim Habil Bəhmənovun sədirliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Qeyd edim ki, bundan bir neçə ay öncə Masallı rayonunda höküm sürən özbaşınalıqlar və haqsızlıqlar barədə Prezident İlham Əliyevə göndərdiyim müraciəti öz facebook profilimdə yaydığım üçün İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi ziyanın ödənilməsi tələbi ilə Masallı rayon Məhkəməsinə müraciət etmişdi. Hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə mənim sözügedən müraciətimin müvafiq ekspertizadan keçirilməsi üçün qərar qəbul edilmişdir. Ekspertiza mənim müraciətimin hüquqi araşdırma tələb etdiyi barədə rəy vermişdir. Lakin hakim Habil Bəhmənov heç bir hüquqi araşdırma aparmadan və mənim iştirakım olmadan 04 noyabr 2019-cu il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun iddiasını qismən təmin edən qətnamə çıxartmışdır. Rafil Hüseynovun rəhbərlik etdiyi rayonda məhkəmənin obyektiv araşdırma aparmayacağını və ədalətli qərar qəbul etməyəcəyini bildiyimə görə, məhkəmənin Masallı rayonunda keçirilməsinə etiraz etmişdim. Hakim Habil Bəhmənov isə mənim etirazımı təmin etməmişdir. Bildirirəm ki, Masallı rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun qanunazidd əməl və hərəkətləri barədə dərc etdiyim məqalələr rayon ictimaiyyətinin məlumatları əsasında yazılıb. Aidiyyatı dövlət qurumları isə müraciətlərimə baxmayaraq, müvafiq araşdırmalar aparmaqdan yayınırlar. Şübhəsiz ki, bu münasibətin kökündə rüşvət və korrupsiya dayanır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?