Tanınmış ictimai xadim və hüquq müdafiəçisi Oktay Gülalıyev H.Əliyev Fondunun maliyyə dəstəyi ilə yerləşdirildiyi Avrasiya Hospitalından artıq 3-cü gündür ki, Amerikan Hospitalına dəyişdirilib və dərhal təkrar əməliyyat olunub, 1-ci əməliyyatdan keçən 21 gün ərzində beyninə yığılmış qanlı su təmizlənib, yaranacaq mayenin axıdılması üçün “trubka” qoyulub…
Oktay bəyin xanımı Firuzə Gülalıyeva bildirib ki, H.Əliyev Fondu O.Gülalıyevin Amerikan Hospitalında cəmi 20 günlük müalicə xərcini ödəyəcək və irəliləyiş olmasa, Azərbaycana qaytaracaq (?). Müalicə məsrəflərinin dayandırılacağı məsələsi Amerikan Hospitalında müalicə xərclərinin baha olması və Fondun imkanlarının məhdud olması ilə əsaslandırılıb. Bu, o deməkdir ki, Oktay Gülalıyev ölümə tərk ediləcək və əgər yeni maliyyə mənbəyi tapılmasa, Oktay bəyin yaşaması mümkünsüz olacaq…
Odur ki, Heydər Əliyev Fonduna bu mesajı çatdırmağa məcburam:
Yazdım ki, “Heydər Əliyev Fondunun O.Gülalıyevi onun xəstəliyi üzrə ixtisaslaşmamış Avrasiya Hospitalına yerləşdirməsi heç də Oktay bəyin sağalmasına xidmət etmir…”, xətrinizə dəydi xə dərhal prokurorluq məni çağırdı ki, bəs, sən yuxarı orqanları, H.Əliyev Fondunu nüfuzdan salmağa yönəlik fəaliyyətlə məşğul olursan, böhtan atırsan, CM-nin 296-cı maddəsi ilə cinayət işi aça bilərik və s…
Yaxşı, indi bunun adını nə qoyaq? Biz müalicə və maliyyə yardımı üçün sizə müraciət etməmişdik axı, maliyyə yardımı üçün başqa mənbə axtarırdıq. Axtardığımız maliyyə mənbəyini tapmaq şansı yarandığı anda siz özünüz təklif etdiniz ki, xaricdə bütün müalicə xərclərini H.Əliyev fondu öz üzərinə götürür və məsələyə siz əl qoyduğunuz üçün də digər yardım etmək istəyənlər geri çəkilmək məcburiyyətində qaldılar…
Bəs indi nə oldu? Dedik ki, Oktay Gülalıyevin Avrasiya Hospitalında saxlanması onu sağaltmaq məqsədinə xidmət etmir”, xətrinizə dəydi və yəqin ki, haqqınızda deyilənlərin doğru olmadığını isbatlamaq üçün O.Gülalıyevi Amerikan Hospitalına transfer etdiniz. Amerikan Hospitalında effektiv müalicənin mümkünlüyü ehtimalı yarandığı halda, bildirirsiniz ki, yalnız 20 günlük müalicə xərcini ödəyəcəksiniz!? Bu, nə deməkdir, bunu necə başa düşməliyik, ictimaiyyət bunu necə qiymətləndirməlidir ki, siz də incik düşməyəsiniz? Bu, Oktay Gülalıyevi açıq-aşkar ölümə tərk etmək demək deyilmi?…
Təbii ki, biz Oktay Gülalıyevin müalicəsinin bütün xərclərini üzərinizə götürdüyünüzlə bağlı öhdəliyi sonadaək yerinə yetirməyə sizi məcbur etmək iqtidarında deyilik. Lakin bilmənizi istərdim ki, götürdüyünüz öhdəliyi – Oktay Gülalıyevin həyata qaytarılması üçün müalicəyə sərf ediləcək vəsaiti ödəyəcəyiniz barədə götürdüyünüz öhdəliyi sonadək yerinə yetirmək və ya yarımçıq buraxmaq siyasi əxlaq məsələsidir…! Və təbii ki, necə istəsəniz elə də edəcəksiniz. Amma, məncə, sonadək davam etsəydiniz,yaxşı bir iş görmüş olardınız… Məsələn, hesab edin ki, bir kilsəni də artıq təmir etdirmisiniz və ya bir erməni kilsəsinə də əlavə qaz vermisiniz və s… Allah Oktay bəyin yar və yardımçısı olsun. Amin!
Sorğu
Yeni dizaynımız necədir?