Sosial şəbəkədə “Azərbaycan” Nəşriyyatı haqqında həqiqətə uyğun olmayan yazılar yazılıb, fikirlər səsləndirilib. SİA-nın əməkdaşı məsələnin mahiyyətinə varmaq üçün qarşı tərəfin fikrini öyrənmək qərarına gəlib və "Azərbaycan" Nəşriyyatının baş mühəndisi Ləbib Ləbibovla əlaqə saxlayıb.
"Əvvəla, siz səsləndirilən əsassız sözlərə “fikir” deyirsiniz, mən orada nə isə bir fikir, ideya və ya yenilik eşitmədim", deyən L.Ləbibov əlavə edib ki, “Azərbaycan” Nəşriyyatının hazırkı inzibati binası hələ 1969-cu ildə Ulu Öndərimiz Heydər Əliyevin ölkədə başlatdığı böyük quruculuq və inkişaf dövründə tikilib, istismara verilib: "Sovet vaxtında tikilən bu bina aydın məsələdir ki, hazırkı Avropa standartlarına uyğun yeni tikililər ilə müqayisə edilə bilməz. Hər gün kiçik evinizdə nə isə qırılır, sökülür, nə isə təmir olunur və ya yenisi ilə əvəz edilir. Məgər, biz bu cür böyük binanı saxlamaq üçün heç nə etmirik?! Cari təmir və təmizlik tədbirləri bizim gündəlik işimizin ayrılmaz hissəsidir. Əsaslı təmirə qalanda isə bu məsələ hələ ki, bizim maddi imkanlarımız xaricindədir".
Baş mühəndis bir məsələyə də aydınlıq gətirib ki, “mətbuat” və “nəşriyyat” ayrı-ayrı məfhumlardır: "“Azərbaycan” Nəşriyyatından başqa onlarla nəşriyyat fəaliyyət göstərir, onların və ya bizim mətbuatın səviyyəsinə nə aidiyyətimiz ola bilər?! Məsələnin məğzini anlamayanlar üçün qeyd edim ki, “Azərbaycan” Nəşriyyatı müxtəlif mətbu orqanların – rəsmi dövlət və digər qəzetlərin, jurnalların, kitabların və müxtəlif poliqrafiya məhsullarının işıq üzü görməsi ilə məşğul olur. Biz yalnız texniki cəhətdən məsuliyyət daşıyırıq, borcumuz vaxtlı-vaxtında yüksək keyfiyyətlə poliqrafiya məhsullarını çap edib, sifarişçiyə çatdırmaqdır. Yəni biz icraçı orqanıq. O ki, qaldı mətbuata ayrılan vəsaitə... sosial şəbəkələrdə yazıldığı kimi, sözügedən vəsait mətbuata ayrılır, nəşriyyata YOX! “Azərbaycan” nəşriyyatı təsərrüfat hesablı müəssisədir. Nəşriyyatın balansında olan otaqlar redaksiyalara müqavilə əsasında istifadəyə verilir. Toplanan vəsait isə onların işıq, qaz, istilik, su və digər xidmətlərin xərclərinə sərf olunur.
Qəzetlərin harada satılması məsələsinə gəldikdə isə bir daha vurğulayıram, bizim fəaliyyətimiz poliqrafiya məhsullarını çap edib sifarişçiyə təhvil verməkdən ibarətdir, gerisi onların biləcəyi işdir. Satış ilə mətbuat yayım firmaları və bəzi hallarda redaksiyalar özləri məşğul olurlar. Qəzet onlara məxsusdur, istər köşklərdə satarlar, istərsə də pulsuz paylayarlar. Bir sözlə, bu “Azərbaycan” nəşriyyatının səlahiyyətlərində olan məsələ deyil".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?