72 nəfəri aldatmaqda ittiham edilən türkiyəli iş adamı növbəti dəfə hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində iş adamı "Şərurlu İsfəndiyar" kimi tanınan ola adamı İsfəndiyar Axundov ifadə verib.
İsfəndiyar Axundov şahid kimi dindirilən zaman Hikmət Yiğitdöl onu da ittiham edib. Deyib ki, İsfəndiyar Axundovun da iştirakı ilə onu çətin vəziyyətə salıblar.
Məlumata görə, Hikmət Yiğitdöl inşa etdirdiyi mənzillərin bir neçəsini rəsmi sənədlərlə İsfəndiyar Axundov verib. Bunun qarşılığında isə türkiyəli iş adamı ilə biznes əlaqəsi qurulub. Daha sonra isə Hikmət Yiğitdölün rəhbərlik etdiyi "Hom Paş Prestij” MTK-da problemlər yaşanıb.
Hikmət Yiğitdölə cavab verən İsfəndiyar Axundov deyib ki, gördüyü işlər rəsmi sənədlədir və heç kimi də aldatmayıb.
"Mən 16 yaşımdan bənnalıq eləmişəm. Bu günə qədər öz zəhmətimlə gəlmişəm. Bir binanı tikib təhvil verə bilməmisən, amma məni ittiham edirsən. Mən Bakıda 77 bina tikmişəm. Bunu məndən başqa heç kim etməyib. Mən təmiz, düz işlədiyim üçün bura qədər gəlib çıxmışam"- deyə İsfəndiyar Axundov bildirib.
Qeyd edək ki, Hikmət Yiğitdölün rəhbərlik etdiyi "Hom Paş Prestij” MTK 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb.
İttihama görə, MTK-nın sahibi, türkiyəli iş adamı H.Yiğitdöl Bakıda 72 vətəndaşın etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Bir mənzil 3-4 nəfərə təkrar sataraq külli miqdarda pulu ələ keçirib.
Bildirək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən Hikmət Yiğitdöl barəsində həbs qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?