Bakıda dələduzluqda təqsirli bilinən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlər çıxış edib. Prosesdə iştirak edən 4 zərərçəkmişdən biri şikayətini geri götürdüyünü deyib. Zərərçəkmiş Pərvin Qasımova şikayətini geri götürmədiyini, pulunu tələb etdiyini bildirib. Təqsirləndirilən Bənövşə Süleymanova bildirib ki, Pərvin Qasımova ondan uşağına görə qisas alır: "Pərvin ailə qurmayıb, ortalıqda qalıb. Uşağı yoxdur, deyə məni qısqanır. Pərvin, mən 12 il də yataram. Amma sənə bir qəpik də vermərəm. Sən bu işdə məndən qisas aldın. Sənin uşağın olmayacaq. Hər gün dua edirəm ki, qarıyıb elə evdə də qalasan”. Digər zərərçəkmiş Famil Şükürov da pulunu tələb etdiyini, şikayətini geri götürmədiyini deyib. Bənövşə Süleymanova isə zərərçəkmişi yalan danışmaqda ittiham edib: "Utanırsız heç, siz bir qadını tutdurdunuz. Sən Astaranın üz qarasısan, ləkəsisən. Sən də məndən Elmarın qisasını aldın. Mənim bu işdə günahım yoxdur. Sizə yalvardım ki, məni tutdurmayın”. Növbəti proses sentyabrın 20-də davam edəcək. Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Bənövşə Süleymanovanın 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İttihama görə, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi vəzifəsində çalışıb. O, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib. Bənövşə Süleymanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir. O,dələduzluqla ələ keçirdiyi pulları ərinə verdiyini deyib. Həmçinin ifadəsində göstərib ki, əri onu əxlaqsız hərəkətlər etməyə məcbur edib. Məhkəmədə ifadə verən Elmar Paşayev həyat yoldaşının dediklərini təkzib edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?