“General Qasım Süleymaninin öldürülməsi Azərbaycan cəmiyyətini üz-üzə qoymamalıdır. ABŞ dünyanın ən böyük gücüdür və dünyanın hər yerində öz vətəndaşlarını və maraqlarını müdafiə edə bilir. İran böyük regional gücdür. Atdığı addımların, verdiyi qərarların məsuliyyətini bilməmiş deyil. İnanıram ki, hər iki dövlətin rəhbərliyi böyük savaşdan yayınmağa çalışacaq. Onların öz maraqları da, bizim Azərbaycan olaraq marağımız da bunu tələb edir. Regionda böyük savaş heç kimə fayda verməz. Hökumətə olan tənqidi münasibətim hamıya bəllidir. Bu barədə hər gün danışıb, yazıram. Ancaq hakimiyyətin regionda ola biləcək münaqişədən Azərbaycanı uzaq tutmaq xəttini doğru sayıram. Ola biləcək münaqişədən Azərbaycanı uzaq tutmaq iqtidarlı-müxalifətli, cəmiyyət olaraq indi hamımızın əsas vəzifəsidir”.
GundemXeber.Az xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının komandanı general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirəkən AXCP sədri Əli Kərimli deyib:
“Cəmiyyətimizdəki hazırkı dərin parçalanma bizim dövlət maraqlarımıza ziddir. Bu dərin parçalanma dövlətimizi həm daxili, həm də xarici təhlükələrə qarşı zəiflədir. Azərbaycan vətəndaşlarının müxtəlif dövlətlərə və onların siyasi xadimlərinə rəğbətlə yanaşması faciə deyil, başqa ölkələrin vətəndaşları da müxtəlif səbəblərdən hansısa xarici qüvvələrə simpatiya, hansınasa antipatiya ilə yanaşır. Ancaq biz yalnız Azərbaycan və azərbaycanlılar naminə kiməsə düşmən ola bilərik. Yalnız Azərbaycan və azərbaycanlılar üçün ölüb, öldürə bilərik. Bizim qəhrəmanlarımız da yalnız bu xalqın içindən çıxan qəhrəmanlar ola bilər. Heç bir din, məzhəb, etnik, siyasi partiya, ideoloji mənsubiyyət azərbaycançılığın fövqünə qalxa bilməz. Biz azərbaycanlılar bütün fərqliliklərimizə rəğmən bir millətin mənsubları olaraq bir- birimizə istənilən xarici qüvvədən daha yaxın olmalıyıq. Qarabağ savaşı təcrübəsi də sübut etdi ki, dini, məzhəb, etnik, siyasi fərqliliklərimizə rəğmən yalnız biz azərbaycanlılar (başqa heç kim) işğal olunmuş Vətən torpağı – Qarabağ üçün səngərlərdə çiyin-çiyinə dayandıq. Son baş verən cəmiyyətimiz üçün bir test oldu. Cəmiyyyət olaraq zəif yerlərimizi bildik. İndi sosial şəbəkələrdəki qarşıdurmanı dayandırmaq, Azərbaycan, azərbaycançılıq, Azərbaycan bayrağı ətrafında daha sıx birləşmək lazımdır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?