Əslində, bu məsələ ilə bağlı heç yazmaq istəmirdim.
Ancaq son günlərin polemikalarında, bizi Amerikaya xidmətdə, dini inancımıza dəyər verməməkdə ittiham edənlərin qərəzi, bu yazını yazmağa vadar etdi.
Xatırladım ki, 2015-ci ldə Nardaran hadisələri baş verən zaman, ilk olaraq biz, Hacı Taleh və tərəfdarlarına qarşı törədilən dövlət terroruna qarşı etirazımızı bildirdik. Təbii ki, bunu edərkən, hakimiyyətin qəzəbinə tuş gələcəyimizi də gözləyirdik. Ancaq, həm öz dinimizə verdiyimiz böyük dəyərə, həm də, dindar qardaşlarımıza edilən zülmlə barışmadığımıza görə, onların müdafiəsini borcumuz bildik. Mənim bu mövqeyim şəxsi deyildi, həm də təmsil etdiyim AXCP-nin, müavini olduğum Əli Kərimlinin, inanclı insanların etiqad azadlığını təmin etmək, onlara qarşı zorakılığı yolverilməz sayan yanaşmasını ifadə edirdi.
6 ay sürən məhkəmə prosesində, daha çox Hacı Taleh ilə birgə, dəmir qəfəsdə çıxış edərək, MBH – na qarşı törədilən qanunsuzluqları ifşa etmişik. Bu müddət ərzində AXCP, Milli Şura rəhbərliyi, məhkəmə prosesində əvvəldən-axıradək iştirak edərək, mediada, sosial şəbəkələrdə ictimai müdafiə kampaniyasını təşkil edirdilər. Ancaq, bu gün özünü İslam təəssübkeşi kimi göstərib, bizi ittiham edənlərin bir çoxu, o zaman, qorxusundan nə bu barədə yazır, nə də ki, məhkəməyə gəlirdilər.
Xatırlayıram ki, o ağır günlərdə, dəmir qəfəs arxasında olan dindar dostlarım, məhkəməyə Qərb səfirlikləri gəldiyi halda, bir dəfə də olsun, İran səfirliyindən kimsənin gəlməməsinə görə necə təəssüf hissi keçirirdilər. Hətta, dəfələrlə xəbər göndərilməsinə baxmayaraq, İrana yaxın məlum dini saytlar məhkəmədən məlumat verməkdən belə imtina edirdilər. Sanki, zülmə məruz qalan, ağır işgəncələrə məhkum edilənlər heç müsəlman deyilmişlər. Biz o zaman, çətin günlərdə nə də sonra, İranın islam təəssübkeşliyini, ümmətçiliyini və mənəvi dəstəyini görmədik. Əksinə, öz dövlət maraqlarına görə, İran susmaqla, Azərbaycan iqtidarının MBH – yə qarşı həyata keçirdiyi repressiyaya şərait yaradırdı. Halbuki, İran istəsəydi və dövlət maraqlarını ümmətçilikdən, islam həmrəyliyindən üstün tutmasaydı, hadisələrin gedişinə təsir göstərə bilərdi.
Taleyin ironiyasına baxın ki, o zaman da, bir çoxları, bizləri dindarların hüquqlarını müdafiə etdiyimizə görə, İrana bağlamağa çalışırdı.
O vaxt, məhkəmələrdən biri aşura gününə düşürdü və ittiham olunan dindarların adından, bizə məhkəmə iclasının başlanğıcında, İmam Hüseyin məktəbi və onun dərsləri barədə çıxış etmək səadəti nəsib oldu. Bu çıxışı, biz şərə qarşı mübarizə meydanında, təhlükənin üstünə gedərək etdik. Bu gün, bizə din dərsi keçməyə çalışanlar –İmam Hüseyn yolunu, haqsızlıq qarşısında susub, yalnız məhərrəmlikdə təziyə saxlamaqda görənlər, o zaman, məhkəməyə gəlməyə belə cəsarət etmirdilər.
Məhkəmədə10 il həbs cəzası aldıqdan sonra, 10 saylı cəza çəkmə müəssisəsinə göndərildik. Buraya gələndən sonra, başlı- başına buraxılmış məsciddə, tövhidin əsaslarını tədris edən və ayrıca “Qurani Kərimi” öyrənmə kurslar təşkil etdik. Hər cümə günü, məhkumları məscidə toplayaraq, tərəfimizdən xütbələr edilirdi. Məhərrəmlik ayında isə, İmam Hüseyn mübarizəsinin mahiyyətini anladan xütbələrlə, sərt nəzarət altında təzyiqlərlə üzləşərək belə, bu məktəbi təbliğ edirdik.
Bunları ona görə sadalayıram ki, bizim öz dini inancımıza verdiyimiz dəyəri, şübhə altına almağa çalışanlar, nə qədər yanlış yolda olduqlarını anlasınlar.
Bizim nəzərimizdə, dini inancımızla, milli marağımız, dövlət mənafeyimiz əsla bir- birinə qarşı qoyulmamalıdır. Nə şərqdə, nə də ki, Qərbdə yerləşməsindən aslıı olmayaraq, heç bir ölkəyə simpatiya Azərbaycanın ali milli maraqlarından üstün ola biilməz. Biz öz ölkəmizi sevməliyik və Türk, İran, Misir və s. ölkələrin müsəlman dindarları, heç bir ölkəyə bağlanmadan dindar olduqları kimi, bizim ölkədə də, dindarlar, yalnız, öz vətənimizə bağlı olmalıdır. Nəhayət, fərqində olmalıyıq ki, bizi idarə edən hakimiyyətin bacarıqsızlığı və milli düşüncədən məhrum olmasından istifadə edərək, məqsədli şəkildə, İranpərəstliyi bizə az qala, müsəlmanlığın şərti kimi təqdim edirlər. Hər hansı dindarın mərceyi təqlidinin İranda və ya İraqda olması, bu ölkəyə siyasi bağlılıq anlamına gəlməməlidir. Bu yalnız elmi, maarif baxımından öyrənmək, fiqhə doğru əməl etmək mənasını daşımalıdır.
AXCP- nin uğrunda mübarizə apardığı demokratiya ideyası, bizə ən müxtəlif ideologiyalara sahib olmağı və buna görə də, heç kimə qarşı dözümsüzlük etməməyi təlqin edir. Eyni zamanda, biz AXCP olaraq, öz vətənimizin, xalqımızın, dövlətimizin maraqlarını, başqa ölkələrinkindən daha üstün tuturuq. Bu dünya görüşündən, ideologiyasından aslı olmayaraq, bizi birləşdirən ortaq dəyərdir. Xalq olaraq nicatımız da bu dəyərlərimizə sahib çıxmağımızdan asılı olacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?