Tanınmış jurnalist və publisist, “Azadlıq” radiosunun Azərbaycan bölməsinin baş redaktorunun sabiq müavini Mirzə Xəzər vəfat edib.
Gundemxeber.az xəbər verir ki, o, 73 yaşında dünyasını dəyişib.
Mirzə Xəzər 1947-ci ilin noyabrında Göyçayda anadan olub. 1973-cu ilin iyununda Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1974-cü ilin yanvarınadək Sumqayıtda vəkil işləyib. Həmin ilin iyununda SSRİ-ni tərk edərək, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib.
1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycanda baş verən hadisələri işıqlandıran verilişlərinə görə Mirzə Xəzər işlədiyi "Azadlıq" radiosunda güclü təzyiqlərə məruz qalıb. Onun 1990-cı ilin yanvarındakı fəaliyyətini araşdırmaq üçün Vaşinqtonda xüsusi komissiya yaradılıb. Təzyiqlər 2003-cü ilədək, Mirzə Xəzər "Azadlıq" radiosundan ayrılmağa məcbur olan günədək davam edib.
Mirzə Xəzərin "Verba Volant, Scripta Manent" ("Söz Uçar, Yazı Qalar") adlı ilk kitabı 2013-cü ildə Almaniyanın Münxen şəhərində çap edilib. Onun ikinci kitabı "Factum est Factum" ("Peşman Deyiləm") adı ilə 2014-cü ilin sonunda nəşr edilib.
Mirzə Xəzər 1987-ci ildən Almaniyanın Münhen şəhərində yaşayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?