GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Heç vaxt sağalmayacaq yaramız - Xocalı faciəsinin 28-ci ili

Heç vaxt sağalmayacaq yaramız - Xocalı faciəsinin 28-ci ili

Tarix: 26-02-2020, 09:07 Bölmə :Cəmiyyət Baxış: 305
Heç vaxt sağalmayacaq yaramız - Xocalı faciəsinin 28-ci ili


Bu gün bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanları yad ediləcək, ermənilərin törətdikləri qırğınların şahidi olan Xocalı sakininin tükürpədən hekayəsi

Bu gün Xocalı soyqırımının 28-ci ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ikinci böyük yaşayış məntəqəsi olan Xocalıya Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının fəal iştirakı ilə erməni qüvvələr yeridilib.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bu gün Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılacaq, avtomobillər siqnal, gəmilər, metro və yerüstü qatarlar fit verəcəklər.

Eyni zamanda Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endiriləcək.

Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimində iştirak etmək üçün bu gün Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və hökumət üzvləri anım mərasimində iştirak edəcəklər.

Təklənmiş şəhər

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanmışdı. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşdular. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdi.

“Ətraf donmuş və güllələnərək öldürülən meyitlərlə dolu idi”

Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma aşkar edilmişdi.

Xocalı dəhşətlərini öz gözləri ilə görən, ermənilərin törətdikləri qırğınların şahidi olan Xocalı sakinlərindən biri də Yaqub Zamanov vaxtilə “Yeni Müsavat”a öz dəhşətli hekayəsini danışmışdı. Bu gün onları yenidən xatırlayaq.

“Y.Zamanov hadisələri, gördükləri erməni vəhşiliklərini bizə öz dili ilə nəql etdi. Bildirdi ki, münaqişə alovlananda, hadisələr qızışanda, könüllü olaraq Xocalının müdafiəsinə qalxıblar. Xocalını ancaq altı ay saxlaya biliblər. Onun sözlərinə görə, atası ilə Xocalı ətrafında müxtəlif postlarda keşik çəkiblər: ”Ətraf yerlərdə səngərlər qazmışdıq. Keşik çəkirdik. Çox az adamda silah var idi. Buna baxmayaraq, basqınlar olduqca qarşısını ala bilirdik. Fevralın 25-i axşam gördük ki, ətrafımız üzük qaşı kimi dairəyə alınıb. Qaranlıqdan işıqlar parıldayırdı. Elə bildik hər gecə olduğu kimi, erməni əsgərləri bizi qorxutmağa çalışırlar. Bir az keçəndən sonra xəbər gəldi ki, erməni qoşunları Xocalı aeroportu tərəfdən 3 post alıblar. Əvvəlcə inanmadıq. Həmin ayları hamı həyəcan içində yaşayırdı. Altı ay blokada müddətində Xocalıya vertolyotla gəlib-gedirdilər. Həmin gecə bizim kəndin başından və çaylaq tərəfdən evləri yandırmağa başladılar. Dedilər ermənilər kəndə giriblər. Camaat təşvişə düşdü. Bəzi adamlar hələ də xəbərə inanmırdılar. Arvad-uşağı qazma tunellərə doldururduq. Qonşularımızdan biri gəldi ki, üçüncü və dördüncü postdakı nəzarətçiləri öldürüblər".

Hadisələri nəql etdikcə boğazı qəhərdən kilidlənən Y.Zamanov bu dəfə özünü saxlaya bilmir. Hönkürtü ilə ağlayır. Özünə gələndən sonra “Həmin postları qoruyan atamgil idi” dedi. Söyləyir ki, atasıgilin ölüm xəbərindən sonra anasının girov düşdüyünü eşidib: “Anamgil bizdən xeyli aralıda idi. İstədik onlar tərəfə gedək. Dedilər onlar çıxıblar. Erməni əsgərləri həmin postları götürəndə anamgilin saxlandığı sığınacağı da tutub, onları girov götürüblər. Bunu eşitmişdik ki, erməni tankları kəndimizə girdilər. Sakinlərin kimisi çay aşağı qaçır, kimisi qaçıb evdə gizlənirdi. Mərmilər üzərimizə dolu kimi yağırdı. Biz tərəfdən o qədər də cavab olmadı. Adamların silahları demək olar yox idi. Silahı olanlar da güllə atmırdılar ki, yerləri bilinməsin. Atəş açanların hamısını öldürdülər. Meşə tərəfə qaçdıq. Ata baladan, qardaş bacıdan ayrı düşdü. Kim ölürdüsə, yanındakı istər-istəməz özünü itirirdi. İnsanları toplamaq da çətinləşdi. Evlər yanırdı. Hər yer alov içində idi. Elə bil gündüz idi. Qaçıb canını qurtaranlar da oldu, girovluqda qalanlar, ölənlər də. Bir qrup Xocalı sakininin Ağdama pənah apardığını eşidən erməni əsgərləri Şelli kəndi ilə Ağdamın arasındakı yolu kəsmişdilər. Oradan keçməyə cəhd edən bir dəstə Xocalı sakinini güllədən keçirmişdilər”.

Danışdıqca həyəcanlanır, alnında tər damcıları görünməyə başlayır: “Birtəhər 3-4 nəfərlə Ağdamın Şelli kəndinə çıxdıq. Bir müddət orada gözlədik. Yenidən geri qayıtdıq. Ermənilərin postunu yarıb keçdik. Bizdən bir, qarşı tərəfdən 4 erməni əsgəri öldü. Xocalıya tərəf yol aldıq. Mənzərə dəhşət idi. Meyitləri də təhqir etmişdilər. Öldürülənlərin qulaqlarını, burunlarını kəsib, gözlərini çıxarmışdılar. O qədər keyimişdik ki, heç nə hiss etmirdik. Girovluqdan 11 adam xilas etdik. Aralarında donanlar da var idi. Qoca bir qadını sürüyə-sürüyə gətirdik. Özümüz də donmuşduq. Məshəti türkü olan bir qonşumuz var idi. Onu gördüm Şellidə. Dedi ki, atamı görüb. Atamın öldüyü xəbərini eşitmişdim. Amma bu təsdiqlənməmişdi deyə, hələ də onun sağ olduğu xəbərini gözləyirdim. Bəlkə də buna görə onun dediyinə inandım. Yenidən geri qayıtdıq. Bir gecə qardaşımla meşədə qalıb gözlədik. Qar qurşağa çıxırdı. Bu dəfə də iki Xocalı sakinini tapdıq. Ətraf donmuş və güllələnərək öldürülən meyitlərlə dolu idi. Dişləri qızıldan olan meyitlərin dişlərini sökmüşdülər”.

Müsahibimiz danışır ki, ertəsi gün Əsgəranda toyuq ferması yaxınlığında, meşənin qurtaracağında 100-150 nəfər girovun 20 əli silahlı erməni əsgərləri tərəfindən sıraya düzülüb aparıldığını görüblər: “Bizdən ancaq iki nəfərin silahı var idi. Onlardan biri də ov tüfəngi idi. Onlar bizdən 5-6 kilometr aralıda idilər. İstədim qabağa gedim. Yoldaşlarım məni tutub getməyə qoymadılar. Həmin girovları fermaya apardılar. Məni də sürüyə-sürüyə geri gətirdilər. Özümüzlə dörd nəfər də erməni girovu gətirdik Dörd girovu sonradan dəyişdik ”.

Y.Zamanov anasını girovluqdan necə qaytardıqlarını da danışıb: “Bir gün ermənilər bizə 60 ton benzin müqabilində 95 girov qaytara biləcəklərini dedilər. Biz də 4 erməni girovu saxlamışdıq. 40 ton benzin ancaq toplaya bildik. Bizə qaytaracaqları girovların 90 nəfəri məshəti türkü imiş. Anam da onların içində olub. Onlar girovluqda anama azərbaycanlı olduğunu bildirməməyi deyiblər.

Məshəti türklərindən biri girovluqda olanlara deyib ki, kim Fatma ananı satsa, onu öldürəcək. Nəhayət, girovları gətirdilər. Anamı soruşdum. Dedilər birinci maşında olub. Əslində birinci maşını saxlamışdılar beş dəqiqəlik. İçəri baxsam da anamı orada tanımamışam. Dedilər maşını Ağdamda hansısa çayxanaya aparıblar. Maşının arxasınca getdim. Öyrəndim ki, anamı qonşu evə aparıblar. Getdim ki, evə beş-altı adam yığışıb. Qurana and olsun, anamı tanıya bilmədim. Amma anam məni tanıdı". Ağlayır. “Anam elə balaca olmuşdu ki... başqa rəngdə bir şey olmuşdu” - deyir.

Hadisələrdən sonra anasının da səhhətində ciddi problemlər yaranıb: “Ödündən əməliyyat olundu. Bu hadisələr zamanı atam şəhid oldu, bacım dünyasını dəyişdi. Ən əziz adamlarımızı itirdik...”

“Xocalıya ədalət!”

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tahir Əliyev: “Rusiya MDB-yə qoşulmağımız üçün Xocalı soyqırımını törətdi”

    Tahir Əliyev: “Rusiya MDB-yə qoşulmağımız üçün ...

    26-02-2017, 19:02

  • 
  • Ermənilərin Xocalı soyqırımını törətməsindən 27 il ötür

    Ermənilərin Xocalı soyqırımını törətməsindən 27 ...

    26-02-2019, 09:29

  • 
  • Xocalı faciəsinin 25-ci ildönümü qeyd olunacaq

    Xocalı faciəsinin 25-ci ildönümü qeyd olunacaq ...

    25-01-2017, 23:47

  • 
  • Paraqvay Xocalı soyqırımını tanıdı! - Deputatlar Palatası sənəd qəbul etdi

    Paraqvay Xocalı soyqırımını tanıdı! - Deputatlar ...

    21-12-2017, 13:56

  • 
  • “Qarabağın işğalı bütün İslam dünyasının problemidir” – Baş müşavir

    “Qarabağın işğalı bütün İslam dünyasının ...

    26-02-2017, 18:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu