Bakıda məktəbdə “Məsti Xumar” mahnısını oynayan müəllim yayılan görüntüsündən danışıb.
GundemXeber.Az xəbər verir ki, ibtidai sinif müəlliməsi olan Gülsüm Biləndərli “unikal.org”a sözügedən görüntünün ona aid olduğunu bildirib:
“Sözügedən görüntüyə aydınlıq gətirmək istəyirəm. Bu video görüntü qış tətilində hesabat hazırladığım zaman çəkilib.
Bayıldan Qaradağa hər gün məktəbə dərs deməyə gedirəm. Həmin gün səhər saat 08:00-dən saat 15:30-a qədər davamlı statistik məlumatlar hazırlayırdım.
Yorğunluğumu, stresimi çıxarmaq üçün özümə məxsus noutbukda musiqi dinləməyə başladım. Oynadım və bu görüntünü həmkarlarıma göndərdim. Dedim ki, mən bu vəziyyətdəyəm, siz necəsiniz?
Heç ağlıma gəlməzdi ki, ziyalı adını daşıyan müəllim həmkarım bu yolla məni rüsvay etmək fikrinə düşər.
Bu hadisə nə dərs zamanı, nə iş saatımda baş verməyib.
Onu da deyim ki, mən şagirdlərimə musiqi dərsini xüsusi zövqlə keçirəm. Deyərdim ki, dərs verdiyim məktəbimizin ən yaxşı xor qrupu mənim şagirdlərimdən ibarətdir.
Yeni il tədbirində hazırladığım rəqs nömrəsi hamını heyran etdi. Nədənsə, bunu kimsə paylaşmadı.
20 ildən artıqdır ki, məktəbdə müəllim işləyirəm. Dərs verdiyim şagirdlər bu gün Azərbaycanın ən yaxşı Ali təhsil müəssisələrində oxuyublar.
Hazırda da şagirdlərimdən universitetlərdə təhsil alanlar var. Bu gün həmçinin dərs dediyim şagirdlərimdən ən yüksək vəzifələrdə çalışanları da qeyd etmək istəyirəm”.
Gülsüm Biləndərli bir daha hesab edib ki, sözügedən görüntünü yayan həmkarları onun müəllim adına ləkə salmaq istəyiblər: “Amma bir daha qeyd etmək istəyirəm ki, sözügedən görüntü dərs və iş saatımda baş verməyib. Səhvimdir ki, məktəbdə bu görüntünü çəkmişəm. Hesab edirəm ki, orada məktəb və müəllim adına ləkə gətirəcək nəsə etməmişəm. Hazırda 52 yaşım var. Yaşımın bu çağından sonra da şagirdlərimə ruh yüksəkliyi ilə, təhsil vermək gücündəyəm”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?