Bir neçə gün öncə İranda koronavirusun sürətlə yayıldığı Qum şəhərinin bir xəstəxanasında koronavirusdan ölənlərin cəsədlərini əks etdirən fotolar yayılmışdı. Həmin görüntülər anındaca sosial şəbəkələrdə yayılaraq, gündəmi zəbt etmişdi.
Qeyd edək ki, bu günə qədər İranda koronavirusdan 107 nəfər dünyasını dəyişib, 3 min 513 nəfər isə bu virusa yoluxub. Virus əsasən Tehran, Qum, İsfahan, Mazandaran və Gilan şəhərlərində geniş yayılıb. Bununla belə səhiyyə naziri Cihanpur açıqlama verərək bildirib ki, virusa yoluxanlar arasında 730 nəfər sağalaraq, evə buraxılıb.
Sosial şəbəkələrdə virusdan ölənlərin cəsədlərini əks etdirən fotoların yayılması isə hər kəsi dəhşətə gətirmişdi. Həmin görüntülərlə bağlı bildirilir ki, şəkillər Qum şəhərinin bir xəstəxanasında çəkilib. Xəstəxananın tibb işçisi tərəfindən çəkilən fotolardan belə aydın olur ki, palatalarda çoxlu sayda cəsədlər saxlanılır. Qeyd olunurdu ki, cəsəd sayı çox olduğundan xəstəxana morquna sığmamış, buna görə də cəsədlər palatalarda yerlərə qoyulub.
Yayılan bugünkü məlumata görə artıq həmin görüntüləri çəkib, sosial şəbəkədə paylaşan tibb işçisi saxlanılıb.
Onu da xatırladaq ki, İranda koronavirus sürətlə yayıldığından bu həftə cümə namazları da təxirə salınıb. Həmçinin bütün təhsil müəssisələri iki həftəlik tətilə buraxılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?