Koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə Bakıdan dünyanın 20-yə yaxın istiqamətinə uçuşlar dayandırılır, Nazirlər Kabineti yanında operativ qərargah bildirib.
Qərargahın məlumatında deyilir ki, tədbirlər çərçivəsində "Azərbaycan Hava Yolları" (AZAL) və xarici aviaşirkətlər tərəfindən bəzi istiqamətlər üzrə həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılır.
Nazirlər Kabineti dayandırılan uçuşların istiqamətini aşağıdakı kimi qeyd edib:
16 mart tarixindən etibarən AZAL və Özbəkistan hava yolları vasitəsilə Bakı-Daşkənd-Bakı; 16 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Lvov-Bakı; 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Dubay-Bakı; 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Kazan-Bakı, Bakı-Minvodı-Bakı, Bakı-Ufa-Bakı; 24 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı; 17 mart tarixindən etibarən Qatar hava yolları vasitəsilə Bakı-Doha-Bakı; 17 mart tarixindən etibarən Air Arabia, Ethiad, Fly Dubai vasitəsilə Abu-Dabi-Bakı-Abu-Dabi, Dubay-Bakı-Dubay, Şarja-Bakı-Şarja; 17 mart tarixindən etibarən S7 hava yolları vasitəsilə Novosibirsk-Bakı-Novosibirsk; 17 mart tarixindən etibarən UralAirlines vasitəsilə Yekaterinburq-Bakı-Yekaterinburq; 18 mart tarixindən etibarən İrAero hava yolları vasitəsilə Krasnoyarsk-Bakı-Krasnoyarsk; 17 mart tarixindən etibarən Utair hava yolları vasitəsilə Surqut-Bakı-Surqut. Bundan əvvəl AZAL Bakı-Paris-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Nursultan-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Almatı-Bakı istiqamətləri üzrə uçuşlarını müvəqqəti olaraq dayandırmışdı.
Azərbaycan Hava yolları bildirib ki, AZAL və "Buta Airways" aviaşirkətləri tərəfindən yerinə yetirilən bütün reyslərə rəsmiləşdirilən aviabiletlər cəriməsiz geri qaytarıla və ya istiqaməti və uçuş tarixi dəyişdirilə bilər.
Koronovirusla əlaqədar Azərbaycan və Türkiyə arasında gediş-gəliş bazar günü saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılıb. Azərbaycan Prezidentinin rəsmi saytında yayılan məlumata əsasən, müvafiq razılaşma Azərbaycanın dövlət başçısı ilə Türkiyə prezidenti arasında telefon müzakirələrindən sonra əldə olunub.
Azərbaycanın Türkiyə, Gürcüstan, İtaliya, Fransa, ABŞ, Macarıstan, Polşa, Almaniya, İndoneziya və bir neçə digər ölkələrdəki səfirlikləri bu ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək koronavirus və səhayətlə bağlı bütün suallara operativ cavab veriləcəyini bildirib.
Azərbaycanın ABŞ-dakı və İndoneziyadakı Səfirliyi bu ölkədəki konsulluq şöbəsinin fəaliyyətinin məhdudlaşdırıldığını bildirib.
Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.
Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, hazırda Azərbaycanda "18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?