''Koronavirus infeksiyası əleyhinə təxirəsalınmaz tədbirlər barədə "Repressiya və İşgəncələr Əleyhinə Komitə" və "Siyasi Məhbusları Müdafiə Mərkəzi"nin birgə bəyanatı
Ümumdünya probleminə çevrilmiş koronavirus təhlükəsinin ölkəmizi də ciddi təhdid altına aldığına və bu istiqamətdə operativ qabaqlayıcı ehtiyat tədbirlərinin görülməsi zərurətinə, aparıcı siyasi-ictimai qurumların mövqeyinə, internet üzərindən ifadə edilmiş sosial sifarişə istinad edərək, həmçinin hökumət tərəfindən indiyədək görülmüş tədbirləri dəyərləndirərək, hesab edirik ki, xalqın təhlükəsizliyi və bu təhlükəni daha az ziyanla adlatmaq naminə Azərbaycan hökumətinin daha ciddi və təxirəsalınmaz tədbirlər görməsinə ehtiyac var. Bu məqsədlə aşağıdakıları bəyan edir və Azərbaycan hökumətinin diqqətinə çatdırırıq:
1. Bütün içməli su anbarlarının daha yaxşı mühafizəsinin təşkili üçün əlavə təxirəsalınmaz tədbirlər görülməlidir, 2. Çörəkbişirmə zavod və sexlərində, xüsusilə, çörəyin bişirilməsi, qablaşdırılması, daşınması, təhvil verilməsi və satışı proseslərində gigiyenik qaydalara əməl olunması ciddi nəzarət altına alınmalıdır, 3. Ərzaq satışı ilə məşğul olan bütün marketlərdə gigiyenik tələblərə əməl olunması ciddi nəzarətə götürülməlidir, 4. Koronavirusa qarşı mübarizəyə dair maarifləndirmə işi daha da gücləndirilməli, həmçinin bu istiqamətdə ictimaiyyətin və sosial şəbəkə istifadəçilərinin potensialından istifadə edilməlidir, 5. Koronavirus təhlükəsi qaldığı müddətdə elektrik enerjisinə tətbiq edilən limit qaydası ləğv edilməli və ödəniş qiyməti maya dəyəri səviyyəsinə endirilməlidir, 6. Bütün kommunal ödənişlər maya dəyəri səviyyəsinə endirilməlidir, 7. Səyyar həkim briqadaları gecikmədən fəaliyyətə başlamalı və hər kəsin müayinədən keçməsi təmin olunmalıdır, 8. Əsgərlərin kütləvi təmas və ünsiyyət imkanları məhdudlaşdırılmalı və lazım olduğu halda hərbi hissələr fövqəladə vəziyyət şəraitinə keçirilməlidir, 9. Qoruyucu ləvazimatların (maska, spirt və s.) hər bir müəssisədə və hətta küçələrdə açıq və pulsuz paylanılması təmin edilməli, bütün yaşayış məntəqələrində dezinfeksiya işləri mütamadi qaydada aparılmalıdır, 10. Hökumət təhlükənin ciddiliyini nəzərə almalı, təhlükəyə qarşı ümumxalq birliyinin yaradılması istiqamətində təşəbbüs göstərməli, koronavirusa qarşı mübarizədə fərdi xeyriyyəçilik təşəbbüslərini dəstəkləməlidir. Bu mənada, şəxsi vəsaiti hesabına ehtiyacı olanlara "koronavirusa qarşı mübarizəyə dair məlumat kitabçası" və qruyucu maska paylayan MBH üzvü Samir Babayevin 30 sutka inzibati həbs cəzasına məhkum edilməsi yolverilməzdir və dərhal azad edilməlidir, 11. Koronavirus təhlükəsindən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir və hesab edirik ki, bu aspektdə Prezident İ.Əliyevin opponenentlərinə qarşı əsassız hücumları, müxalif siyasi qüvvələri "5-ci kalon" adlandıraraq absurd ittiham etməsi, həmçinin ölkədə fövqəladə vəziyyət elan edərək, onları həbs (izolyasiya) edəcəyi barədə hədələri ümumxalq birliyinə xidmət etmir, 12. Siyasi motivərlə həm inzibati, həm də cinayət məsuliyyəti üzrə təqiblərə, həmçinin işgəncə hallarına son verilməli və yeni həbs edilən Araz Quliyev, Elvin Muradov (Mürvətoğlu) və Fuad İsmayılov azad edilməlidir, 13. Ümumi bəlaya qarşı iqtidar+müxalifət+xalq birliyinin vacib olduğu bir məqamda hökumət siyasi gərginliyi artıracaq təxribat xarakterli fəaliyyətlərdən imtina etməli, qondarma ittihamla bu gün saxlanmış Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu azad edilməlidir, 14. İnfeksiya təhlükəsi ilə əlaqədar məhkəmə proseslərinin qapalı keçirilməsi zərurətdən doğsa da, bu, məhkəmə proseslərinin açıq və şəffaf keçirilməsi barədə qanunvericilik tələblərinə ziddir. Odur ki, koronavirus təhlükəsi qaldığı müddətdə məhkəmə proseslərinin təxirə salınması məqsədəuyğundur, 15. Nəzərə almaq lazımdır ki, həbs yerləri potensial təhlükəli zonalardır və buralarda hər hansı yoluxma halı baş verərsə, qarşısıalınmaz bir prosesə çevriləcəyi şübhəsizdir. Ona görə də; a) Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan İnzibati Həbs Olunanların Saxlama Məntəqələrində saxlanılan bütün məhkumlar azad edilməlidir, b) Koronavirus təhlükəsi sovuşanadək tətbiq edilən yeni inzibati cəzalar yalnız cərimə qaydasında tətbiq edilməlidir. Əhalinin sosial təminat durumunun aşağı səviyyədə olması və vətəndaşın infeksiyaya qarşı dirənişinə maddi ziyan vurmamaq məqsədilə inzibati cərimələrin simvolik xarakter daşıması zərurəti nəzərə alınmalıdır, c) Müvəqqəti Saxlama Təcridxanalarından yüngül və az ağır cinayətlərdə ittiham olunaraq, barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin barələrində məhkəmə qərarı ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməlidir, d) Bütün siyasi məhbuslar, cəzasının yarıdan çoxunu çəkmiş məhbuslar, həmçinin 5 (beş) ildən az cəzaya məhkum edilmiş məhbusların həbsdən azad edilməsi məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, koronavirus təhlükəsi ilə bağlı artıq bəzi ölkələr bu tipli qabaqlayıcı tədbirlərdən istifadə etmişlər, e) Maksimum səviyyədə çalışmaq lazımdır ki, həbsxana və CÇM-dəki məhbusların sayı minimuma endirilsin, f) Koronavirus təhlükəsi qaldığı müddətdə məhbusların hesabına pul köçürmə limiti məhbusların qidalanmasına kifayət edəcək səviyyədə qaldırılmalıdır, g) CÇM-də olan ərzaq mağazalarındakı qiymətlərin azad vətəndaşların istifadə etdiyi marketlərdəki qiymətlərə uyğunluğu ciddi nəzarətdə saxlanmalıdır, h) Məhbusların qidalanmasına ayrılan vəsait və ərzağın təyinatı üzrə istifadəsi ciddi nəzarətə götürülməli, korrupsiya və oğurluq hallarına yol verən vəzifəli şəxs dərhal və sərt şəkildə cəzalandırılmalıdır, i) Həbsxana və CÇM əməkdaşlarının sağlamlıq durumu gündəlik nəzarətdə saxlanmalı və bu istiqamətdə müvafiq tədbirlər görülməlidir.
Ümid etmək istərdik ki, Azərbaycan hökuməti mövcud kritik durumu nəzərə alacaq, təkliflərimizi dəyərləndirəcək və reallaşması istiqamətində tədbirlər görəcəkdir.
Bəyanat 22.03.2020-ci il tarixdə keçirilmiş virtual toplantıda qəbul edilmişdir."
Sorğu
Yeni dizaynımız necədir?