“Xarici İşlər Nazirliyi mövcud vəziyyətlə bağlı müvafiq məlumatı ötürür, yardım qərarını isə hökumət verir”
Azərbaycan hökuməti Azərbaycanın Ankaradakı səfirliyi vasitəsilə Türkiyədə yaşayan həmvətənlərimizin hər birinə “Migros” marketlər şəbəkəsindən 200 lirə dəyərində alış-veriş imkanı yaradıb. Qeyd edək ki, bu kampaniya çərçivəsində soydaşlarımız spirtli içki və tütün məmulatları xaric, istənilən növ mal almaq haqqına malikdirlər.
Bunun üçün Türkiyə Cümhuriyyəti ərazisində yaşayan azərbaycanlılar internet vasitəsilə yaradılan sorğu blankını doldurmalı, pasport məlumatlarını və ünvanlarını ora daxil etməlidirlər.
Qeyd edək ki, sorğuda yalnız 1 dəfə iştirak etmək mümkündür.
Türkiyədə yaşayan azərbaycanlıların musavat.com-a verdikləri məlumata görə, yaradılan bu şərait onları məmnun edib. Həmvətənlərimiz bildirib ki, 200 TL-yə orta səviyyədə bazarlıq edə biləcəklər.
Onu da bildirək ki, ötən həftə Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə müraciət edib.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məlumat verib.
O, yataqxana problemi ilə üzləşən tələbələri dərhal səfirliyə müraciət etməyə çağırıb: “Əgər kiminsə yataqxana ilə bağlı problemi varsa, bizə müraciət etsinlər. Biz də əlimizdən gələni edəcəyik ki, Azərbaycan vətəndaşları, Azərbaycan tələbələri çöldə qalmasınlar. Ümumilikdə isə tam əksəriyyətinin yataqxana ilə bağlı problemi yoxdur. Biz daim onlarla əlaqədəyik. Bizim Təhsil müşavirliyimiz daim onlarla əlaqə saxlayır. Bəzi yerlərdə, bəli, yataqxanalar karantin kimi istifadə olunduğu üçün əksər tələbələr başqa yataqxanalara köçürülmüşdü. Kimlərin ki, problemi var idi, biz onları həll etdik. Əgər kimlərinsə problemi qalıbsa, yenə də müraciət edirəm ki, dərhal bizə müraciət etsinlər. Xüsusilə e-mail vasitəsilə bizə bildirsinlər. Biz də dərhal onlarla əlaqə saxlayıb problemlərini həll etmək üçün bütün səylərimizi göstərəcəyik”.
Bəs digər ölkələrdə durum necədir? Xarici İşlər Nazirliyi məsələ ilə bağlı maraqlanırmı?
Musavat.com-a açıqlama verən XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, yardımı edən Azərbaycan hökumətidir: "Yardımı hökumət edir. Xarici İşlər Nazirliyi mövcud vəziyyətlə bağlı müvafiq məlumatı ötürür, yardım qərarını isə hökumət verir".
Xarici işlər naziri Elmar Məmmədyarov Azərtac-a müsahibəsində bildirib ki, Koronavirus infeksiyasının yayılması ilə mübarizə dövründə də dövlətimiz bütün səylərini səfərbər edərək, həm Azərbaycanda, həm də ölkəmizdən kənarda olan vətəndaşlarımızın sağlamlığını təmin etmək üçün ciddi tədbirlər görməkdədir: "Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyi, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəlikləri xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər. Burada bizim qarşımızda duran əsas məsələ, dövlətlər tərəfindən karantin rejimi və ya fövqəladə vəziyyət elan olunduğu, quru və hava nəqliyyatının məhdudlaşdırıldığı və bir çox hallarda dayandırıldığı bir vaxtda xüsusilə xarici ölkələrdə müvəqqəti olan (işləyən, təhsil alan və ya digər səbəblərdən səfərdə olan) vətəndaşlarımız haqqında operativ və dolğun məlumatın əldə edilməsi, onların müraciətlərinin cavablandırılması, düzgün məsləhətlərin verilməsi və əlaqələndirmə işlərinin həyata keçirilməsindən ibarətdir".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?