İctimai fəal Qiyas İbrahimov iyunun 10-da sərbəst buraxılıb.
O, iyunun 9-da polis zorakılığına etiraz aksiyası keçirib. Yaşadığı binanın damına çıxan fəal üzərinə “Bəsdir əyildin. Susma, sən də DİN!” şüarı yazılmış plakat asıb. Fəal bununla polisin iyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binada keçirdiyi əməliyyat zamanı qanunsuzluqlara etirazını bildirib.
Əraziyə cəlb olunmuş polis əməkdaşları asılmış plakatı götürüb. Bundan sonra fəal Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə aparılıb.
İbrahimov bu gün jurnalistlərə açıqlamasında sərbəst buraxıldığını desə də, sonra məhkəməyə çağırılacağını bildirib.
“Bu gün varam bəlkə sabah yox olacam. Mən axıracan həqiqəti bağıracam. Hələlik evdəyəm. Hələlik buraxıldım, sonra məhkəməyə çağırılacağımı dedilər. Məni həbs etməyin onlara çox nəsə verməyəcəyini yaxşı bilirlər” - deyə, o Facebook səhifəsində qeyd edib.
Vəkil Elçin Sadıqov bildirib ki, İbrahimova qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə protokol tərtib ediblər.
“Qiyas İbrahimov bildirdi ki, özünü təqsirli bilmir. Polisin dünənki hərəkətinə etiraz olaraq aksiya keçirib. Polis bunu xırda xuliqanlıq hesab edir. Amma orada hər hansı inzibati xəta tərkibi yoxdur. Məhkəməyə apardılar. Qiyasın sağ dizində və belinin hər iki tərəfində dərisi soyulmuş qançır izləri vari idi. Aktlaşdırıldı,” o qeyd edib.
Öz növbəsində, Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Qiyas İbrahimin intihara cəhd etməsi faktı ilə bağlı məlumat yayıb.
BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, paytaxt sakini Qiyas İbrahimov yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəldərək qanunsuz çağırışlar edib.
"Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib. Hazırda Qiyas İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək," o qeyd edib.
Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin abidəsinin postamentinin ön tərəfinə siyasi şüar yazdıqdan sonra narkotik ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hər iki fəal 2019-cu il martın 16-da imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıb.//amerikaninsesi.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?