Azərbaycanda artıq bir həftədən çoxdur ki, koronavirus pandemiyasına görə sərt karantin rejimi tətbiq edilib. Lakin görünən budur ki, mart və aprel aylarında tətbiq edilən karantin rejimindən fərqli olaraq, bu dəfə vəziyyətə nəzarət etmək heç də asan deyil. Bunu deməyə gündəlik yoluxma sayı da əsas verir. Hazırkı rəqəmlərə görə, Azərbaycanda 7831 xəstə var. Ölənlərin sayı isə 220 nəfərdir. Bu saylar günbəgün artmaqda davam edir. Yoluxanların gündəlik sayı 500 nəfərdən çoxdur. Lakin cəmiyyətdə də mart və aprel aylarında olduğu kimi ajiotaj, qorumaq, sosial məsafə gözləmə və digər bu kimi hallar çox da müşahidə edilmir.
“Yeni Müsavat”ın əməkdaşı Bakı küçələrində müşahidə edib ki, artıq polis əməkdaşları piyadaların da icazə kağızlarını çox ciddi şəkildə yoxlayırlar. Eyni zamanda küçədə gəzən insanların “SMS İcazə”dən istifadə edib-etmədikləri də polislər tərəfindən yoxlanılır. Qaydalara məhəl qoymayanlar isə cərimələnirlər.
Təbii ki, bütün bunlar Azərbaycan vətəndaşını və onun ətrafını qorumaq üçün atılan addımlara daxildir.
Ekspertlər, həkimlərin ən çox şikayətləri bundan ibarətdir ki, hazırda vətəndaşların əksəriyyəti nə özlərini, nə ətraflarını, nə də dövlətlərini düşünmək istəmirlər.
Buna görə də yoluxma artan xətt üzrə davam edir.
Məlum olduğu kimi, koronavirusa qarşı vaksin hələ ki tapılmayıb. Ona görə də dünyada və Azərbaycanda koronavirusdan qorunmaq üçün üç əsas hal vacib qəbul edilir: Sosial məsafə saxlamaq, maska taxmaq, təmizlik qaydalarına əməl etmək. Lakin buna da bir çox şəxslər əməl etmirlər...
“Yeni Müsavat”a danışan baş infeksionist Cəlal İsayev bildirib ki, COVİD-19 infeksiyasının yayılması hazırda çox sürətlə baş verir: “Dövlət əlindən gələni edir. Lakin yoluxma çox sürətlə baş verir. Bu infeksiyanın yoluxduruculuğu çox yüksəkdir. Ona görə də kimsəni günahlandırmaq olmaz. Ancaq gənclərdə bu xəstəlik əsasən simptomsuz keçir. Onlar maskadan istifadə etmədikdə isə yanlarında olan insanların yoluxmasına səbəb olurlar. Bu baxımdan onların maska taxmaları vacibdir. Bir də bizim bəzi insanlar xəstələnirlər, ancaq ağırlaşmadıqları üçün hesab edirlər ki, yaxın zamanda sağalacaqlar və xəstəliyi ətraflarında olanlara yayırlar. Belə davranmaq olmaz. Həmin şəxsin ailəsində olanlar da kimlərisə yoluxdurur və nəticədə say sürətlə artır. Ümumi götürdükdə, bu, epidemik gedişdir və təkcə Azərbaycanda deyil, bütün dünyada gedir. Çalışırıq ki, yoluxma sayı az olsun ki, səhiyyənin gücü onları sağaltmaq üçün çatsın. Təbii ki, bəzi insanlar maskadan istifadə etmirlər. Onların da artımda müəyyən rolu var. Ümumi götürdükdə isə günahkar axtarmaq lazım deyil.”
İsayev hesab edir ki, bu virus hələ bir müddət yaşaya bilər: “COVİD-19 Sars-1 virusundan törəmədir. Bu virusda ölüm halı daha yüksək idi. Lakin sonradan virus tamamilə yoxa çıxdı və bu gün də həmin virusa yoluxan yoxdur. Ola bilər ki, COVİD-19 da Sars-1-in aqibətini yaşasın. Lakin artıq dünyada 10 milyondan çox yoluxma, yarım milyondan çox ölən var. Hazırda daha çox Amerika qitəsindədir. 2 milyondan çox yoluxma isə Avropa ölkəsində aşkar edilib. 215-dən çox ölkədə koronavirusa yoluxan var. İqtisadi cəhətdən qüdrətli ölkələr isə bu infeksiyanın qarşısında qolu bağlı görünür. Ona görə də belə düşünmək olar ki, COVİD-19 hətta 2021-ci ilə qədər gedib çata bilsin”./Musavat.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?