2 saylı cəzaçəkmə müəssisəsində koronavirus xəstəliyin əlamətli məhbusların sayı çox olduğu bildirilir.
Gundemxeber.az xəbər verir ki, bu barədə Turana cəzaçəkmə müəssisəsində saxlanılan məhbusların yaxınları məlumat verib.
Məlumata görə, məhbuslarda kütləvi şəkildə qızdırma, halsızlıq və öskürək müşahidə olunur. "Bu gün səhər "razvodunda" bir neçə məhbus huşunu itirib. Qohumumuz deyib ki, kimə baxırsan qızdırmalı, halsızdır. Vəziyyət ciddi olduğuna baxmayaraq, məhbusları yoxlamırlar, testdən keçirmirlər və müalicə etmirlər, adi maska belə vermirlər".
13 saylı cəzaçəkmə müəssisəsində də koronavirus xəstəliyi müşahidə olduğu deyilir. Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində 18 məhbusda COVİD-19 əlamətləri var.
Bunu isə Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin koordinatoru Zəfər Əhmədov bildirib.
“Həmin məhbuslara neçə gündür iynə vururlar, amma halları get-gedə pisləşir. Bu gün, iyulun 9-da günorta saatlarında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən gəlib analizlər götürüb aparıblar. Bu saatlarda zonda narahatlıq panika səviyyəsindədir. Koronavirus əlamətləri olan məhbuslar hələ də müəssisənin sanitar-tibb hissəsinə yerləşdirilməyib. Bəzi məhbusların bədən temperaturu 39 dərəcəyədək yüksəkdir,” o qeyd edib.
Məsələ ilə bağlı Penitensiar Xidmətin mətbuat xidmətindən Ədliyyə Nazirliyin Baş Tibb İdarəsinə müraciət etməyə məsləhət görüblər.
Baş Tibb İdarəsindən isə məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
Mayın 15-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı ölkədə 46 məhbus koronavirusa yoluxduğunu bildirmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?