“The New York Times”ın məlumatına görə, pandemiya dövründə plastik, estetik və rekonstruktiv cərrahi əməliyyatlara tələb artıb. İnsanlar əməliyyat və prosedurlara 2 mindən 25 minədək pul xərcləməyə başlayıblar.
Bunun səbəbi isə karantin rejimi ilə əlaqədar videokonfransların sayının çoxalmasıdır. Bir sıra “Zoom” istifadəçiləri videoəlaqə zamanı öz zahiri görünüşlərindən narazı qaldıqları üçün həkimlərə üz tuturlar.
Maraqlıdır, Azərbaycanda vəziyyət necədir?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən plastik cərrah Nərgiz Əhmədova bildirib ki, Azərbaycanda sözügedən prosesin tam əksi baş verib, yəni pasiyentlərin sayı olduqca azalıb:
“Çünki pasiyentlərin çoxu qorxur, onlar kontaktda olmaq istəmirlər. Bizim klinikada şərtdir ki, pasiyent ilk əvvəl müayinədən keçsin. O, kompüter tomoqrafiyası olunmalıdır, həmçinin COVID-19 testindən keçməlidir. Bundan sonra əgər biz dəqiq şəkildə pasiyentin heç bir probleminin olmadığını sübut edə biliriksə, o zaman əməliyyat mümkün olur. Amma yenə də çalışırıq ki, böyük və ağır əməliyyatları indi götürməyək. Çünki hər bir əməliyyat immun sistemini zəiflədir və gələcəkdə pasiyent virusa yoluxarsa, onu daha ağır keçirə bilər. Ona görə də indi daha çox göz qapağı əməliyyatı kimi yüngül əməliyyatlara üstünlük verilir.
Burun əməliyyatlarını yayda daha çox etdirirlər, çünki əksər hallarda renoplastika əməliyyatına müraciət edənlər 18-25 yaş arasında olan, universitetdə oxuyan gənc qızlardır. Onlar təhsillə əlaqədar yaya üstünlük verirlər. Çünki rehabilitasiya dönəmi olur, əməliyyatda bir-iki ay sonra şişkinlik yatır və universitetə dönəndə üzlərində çox fərqin olmasını istəmirlər. Amma bu il bu sahədə də olduqca az oldu. Dəqiq faizi demək çətindir. Çünki xaricdən də çoxlu pasiyentlər gəlib. Xaricdə yaşayan azərbaycanlıların da çoxu renoplastika əməliyyatı üçün buraya gəlirdi. Moskvadan başqa, Rusiyanın digər şəhərlərindən də gələnlər çox olurdu, sadəcə o sərhəd bağlı olduğu üçün onların 99 faizi təxirə salınıb. Məhz bu səbəblə iki dövrü müqayisə etmək çətindir”.
Qiymətlərə gəldikdə isə həmsöhbətimiz vurğulayıb ki, qiymət koronavirus səbəbilə dəyişmir:
“Sadəcə həmişə müəyyən dəyişikliklər edilir. O isə bizlə yox, müdiriyyətlə bağlı olan bir şeydir. Çünki qiyməti həkim təyin etmir. Klinikanın standart qiymətləri var və biz ona heç vaxt qarışmırıq”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?