Rəsullu kəndinin sovetliyində sakinlərlə görüş keçirdim. Deyim ki, hər şey hamar oldu, yalan olar. Qışqırıq, təlatüm, narazı əhvalla dolu görüş oldu. Rayonda bu qədər narazılıq, bu qədər problem olar? Onillərin yığılıb qalmış problemləri var.
Gundemxeber.az xəbər verir ki, bunu sosial şəbəkədə Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev bildirib.
O qeyd edib ki, yerli əhalini su problemi ciddi narahat edir:
"Hamı sudan narazıdır. Su, su, su. Belə görünür ki, Azərbaycanın ən böyük problemi yaxın illərdə ancaq su olacaq. Su da həyatdır. Yağış yox, kanallarda su az, təchizat zəif, bir tərəfdən də Azərbaycanın su mənbəyi qonşu ölkələrdən gəlir və hər biri də bildiyi problemi yaradır.
Bu problemləri ön görmək olardı, düzgün və dürüst layihələr təqdim oluna bilərdi. Görünən budur ki, suvarma suyu ilə bağlı məsələlərin həlli çox gecikdirilib".
Millət vəkili bildirib ki, əlində konkret şikayətlər var və yaxın günlərdə onları Su və meliorasiya komitəsi ilə müzakirə etmək niyyətindədir:
"İmişli suvarma sistemlərinin rəisi Nizami müəllimi də dəvət etdim və gəldi. Onunla birlikdə Rəsullu su kanalına da baş çəkdik.
Ciddi problemlərdir və ciddi də maliyyə tələb olunur. Axı bunları vaxtında mərhələ-mərhələ həll etmək olardı. Nə isə. Bu məsələdə kəskin və barışmaz mövqe tutmaq lazımdır. Bunlar niyə belə olub, problemlər niyə bu qədər böyüyüb? Qara əməllər nə qədər maneçilik törədib? Gərək aydınlaşdıraq.
Mənim deputat kimi vəzifəm sizin problemlırinizi çatdırmaq və deməkdir, əlimdən gələn köməyi göstərməkdir və bunu da edirəm. Kaş ki, daha çox nələrsə edə biləydim. Camaata yazığım gəlir, həqiqətən də çox üzülürəm".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?