Millət vəkili Q.Paşayeva parlamentdə 2015-ci il dövlət büdcəsinin icraatı haqqında qanun layihəsinin müzakirəsi zamanı qardaş Türkiyədən Azərbaycana gələn turistlərin sayının artmasına təkan verəcək təkliflərlə çıxış edib: "Neftin qiymətinin düşdüyü bir dövrdə biz turizm sahəsinin inkişafına, turistlərin ölkəmizə daha çox cəlb edilməsinə çalışmalıyıq. Qardaş Türkiyədən gələn turistlərə hava limanında viza veririk". Tezis.az xəbər verir ki, Qənirə Paşayeva daha sonra deyib: "Quru yolla gələnlər isə sərhəddə viza problemi qarşılaşırlar. Turistlər Gürcüstandan vizasız keçərək gəlirlər, Azərbaycan sərhədində isə viza problemi ilə rastlaşırlar. Onlara Azərbaycanın Türkiyə və ya Gürcüstandakı səfirliyində viza almaları təklif olunur. Qonşu ölkələrdən gələn turistlər daha bahalı olan hava yoluna deyil, daha ucuz olan avtobus və ya maşınla səyahətə gəlməyə üstünlük verirlər. Yaxşı olar ki, hava limanında olduğu kimi Azərbaycanın sərhəd-keçid məntəqəsində qardaş Türkiyədən gələn turistlərə yerində viza verilsin. Bu, qardaş ölkədən daha çox turist cəlb etməyə özünün müsbət təsirini göstərər. Onu da vurğulamaq istəyirəm ki, qardaş Türkiyədən Azərbaycana gələn xeyli sayda insanlar bu məsələyə baxılması ilə xahişi ilə millət vəkili olaraq bizlərə də müraciət edirlər və mən müvafiq qurumları bu məsələni nəzərə almağa çağırıram".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?