Məlum olduğu kimi, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Daşqın Gülməmmədov redaksiyamıza bir sənəd təqdim edərək, Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov barəsində Ukrayna prokurorluq orqanlarında cinayət işi açılması iddiasını irəli sürmüşdü. İddiaya görə, Qüdsi Osmanov Ukraynanın ərazi bütövlüyünə hörmətsizlik edərək Rusiya tərəfindən işğal olunmuş Krım yarımadasına getmiş və bu ərazidə müxtəlif tədbirlərə qatılmışdı.
Daşqın Gülməmmədov öz iddialarını əsaslandırmaq üçün bizə video-görüntü də təqdim etmişdi. Lakin jurnalist həmkarlarımızın araşdırması nəticəsində məlum olmuşdur ki, həmin görüntülər əslində Krımda yox, Soçidə çəkilib. Bu video-dəlilin təkzib edilməsinə baxmayaraq, bəzi suallar hələ də açıq qalmaqdadır: Təşkilat sədrinin bizə təqdim etdiyi sənəd necə, o da mı saxtadır? Ümumiyyətlə, Azərbaycan səfiri Ukraynanın işğal olunmuş ərazilərinə səfər edibmi? Ukrayna prokurorluq orqanları səfir barəsində cinayət işi açıbmı?
Bu suallar həm də ona görə aktualdır ki, Azərbaycanın da eyni dərdi var və Dağlıq Qarabağa icazəsiz səfər edən bir sıra xarici nümayəndələr barəsində bizim prokurorluq orqanları müxtəlif cinayət işləri açıb. Hətta İsrail və Ukrayna vətəndaşı olan blogger Aleksandr Lapşin Azərbaycan sərhədlərini qanunsuz pozduğuna görə saxlanılaraq ölkəmizə gətirilib və bir müddət həbsdə yatdıqdan sonra əfv olunub. Dolayısıyla, başqalarından dövlət dəyərlərimizə hörmət tələb etdiyimiz kimi, biz də özgələrə eyni həssasiyyətlə yanaşmalı, özümüzü onların yerinə qoymağı bacarmalıyıq. Əks halda qarşılıqlı sayqısızlıqlar dövlətlərarası münasibətlərdə sağalmaz yaralar aça bilər.
Üstəlik, nəzərə alsaq ki Lapşin sadəcə bir bloggerdir və onun hər hansı hərəkəti siyasi anlam daşımır, dövlət addından çıxış edən bir səfirin eyni hərəkəti daha ciddi diplomatik insident deməkdir. Sözsüz ki, indiki zamanda belə bir insident Azərbaycana lazım deyil. Ən əsası, Qüdsi Osmanovun işğal olunmuş Ukrayna ərazilərinə qeyri-qanuni səfərinin iki dövlət arasındakı münasibətlərə zərbə vurmaq üçün üçüncü tərəfin maraqlarına xidmət etdiyi ehtimalı da var və bu ehtimalın nə qədər doğru olub-olmadığı ciddi şəkildə araşdırılmalıdır. “Eynilə bizim Lapşini cəzalandırdığımız kimi, Ukrayna da cinayət işi açdığı səfirimizi həbs edərsə, nə baş verə bilər” sualı ölkə rəsmilərimizi də düşündürməlidir.
Qısası, beyinləri qurcalayan bir sıra suallara aydınlıq gətirmək üçün Ovqat.com adından Ukrayna Baş Prokurorluğuna sorğu göndərmişdik. Sorğumuza nəhayət dünən rəsmi cavab aldıq.
Krım Muxtar Respublikası və Sevastopol şəhər Prokurorluğunun rəhbəri Yegor Rebrovun göndərdiyi cavab məktubunda bildirilir ki, Qüdsi Osmanovun Krıma qanunsuz səfəri barədə həqiqətən də cinayət işi açılıb və bu barədə irəli sürülən iddialar araşdırılır.
Daha artıq şərhə ehtiyac duymadan sorğumuza cavabı olduğu kimi təqdim edirik:
“Ukrayna Prokurorluğu Krım Muxtar Respublika Prokurorluğundan Ovqat.com-un Baş redaktoru Heydər Oğuza
Məlumat üçün sorğunuza cavab olaraq bildirirəm ki, Krım Muxtar Respublikası və Sevastopol Şəhər Prokurorluğuna, “Ukrayna Qarapapaq Türkləri Milli Şurası” Ümumukrayna İctimai Birliyindən, Azərbaycanın Moldova Respublikasındakı Səfirinin Ukraynanın işğal edilmiş ərazisi –Krım yarımadasına səfər etməsi barədə rəsmi müraciət daxil olmuşdur. Məsələ ilə bağlı cinayət-prosesual rəhbərliyi həyata keçirən Krım Muxtar Respublikası və Sevastopol Şəhər Prokurorluğu tərfindən Ukraynanın müvəqqəti işğal olunmuş ərazisinə - Krım Muxtar Respublikasına giriş prosedurunun pozulması faktı müəyyən edilmiş və bu Ukrayna Cinayət Məcəlləsinin 332-1-ci maddəsinin 1-ci və 2-ci bəndləri ilə nəzərdə tutlmuş cinayət əməli kimi kvalifikasiya olunmuşdur. Cinayət araşdırma prosesi çərçivəsində Ukraynanın müvəqqəti işğal edilmiş ərazisinə - Krım Muxtar Respublikasına giriş və çıxış qaydalarının pozulması faktaı üzrə onlarla müxtəlif epizod üzrə, müxtəlif ölkələrədn gələn nümayəndə heyətləri və iştiraçkçıların işğalçı rejimin səlahiyyətli nümayəndələri keçirdiyi görüşlər bsrədə cinayət araşdırması aparılır. Müraciətdə göstərilən faktların tam yoxlanılması və müvafiq istintaq (axtarış) hərəkətlərinin aparılması üçün ümumi cinayət işinin materiallarına əlavə edilmişdir /Ovqat.com/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?