İran Azərbaycanının Salmas şəhərindən olan musiqiçi və mədəni fəal Abbas Nikrəvan həbsxanadadır.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata əsəsən, Abbas Nikrəvan mayın 7-də həbs edilib.
Yayılan məlumata görə, mədəni fəal Abbas Nikrəvan məhkəmə tərəfindən ona qarşı verilən 91 günlük həbs cəzası ilə əlaqədar həbs edilib.
Nikrəvan Salmas İkinci Cinayət Məhkəməsinin 102-ci şöbəsində "sosial media üzərindən İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə mühakimə olunmuşdu. O, məhkəmə qərarı ilə suçlu tanınıb və 91 günlük həbs cəzasına məhkum edilib.
Abbas Nikrəvan ötən ilin sentyabr ayının 5-də İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və İranın Urmiyə şəhərindəki kəşfiyyat idarəsinin təcridxanasına köçürülmüşdü.
O, bir müddət kəşfiyyat idarəsində dindirilib və sonra isə Urmiyə Mərkəzi Həbsxanasına aparılıb. Həmin ilin sentyabrı ayının 22-də 600 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılan Nikrəvan apardığı mədəni fəaliyyətlərindən dolayı dəfələrlə İran hökuməti tərəfindən həbs edilib.
Abbas Nikrəvan 2018-ci ilin iyul ayının 5-də Şərqi Azərbaycan vilayətinin Kəleybər şəhərində yerləşən Bəz (Babək) qalasında keçirilən qurultay ilə bağlı həbs edilib və təxminən bir həftə sonra girov müqabilində sərbəst buraxılmışdı.
Onun 2015-ci ildə Qoşaçay şəhərində təşkil etdiyi xeyriyyə məqsədli bir konserti də İran hökuməti tərəfindən ləğv edilib./amerikaninsesi.org/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?