Son günlər daimi olaraq "Osmanqızı Tv"nin qonağı olan Tofiq Yaqublu həmin YouTube kanalının rəhbəri Sevinc Osmanqızı tərəfindən qınaq hədəfinə gətirildi. Belə bir verlişdən sonra, Milli Şuranın üzvü Tofiq Yaqublunun da cavabı gecikmədi. Beləliklə Tofiq bəyin Sevinc Osmanqızının video sujetinə olan mövqeyini GundemXeber.Az olaraq oxucuların diqqətinə olduğu kimi təqdim edirik:
"Çox hömətli Sevinc Osmanqizı özünün Osmanqızı TV youtube kanalında "Tofiq Yaqublu həbsdə olanda Əli Əliyevin dedikləri" başlığı altında bir video paylaşıb. Çox təəssüf ki, o, belə bir manipulyasiyaya əl atdı. Çünki bununla məsələnin məğzindən xəbəri olmayan bir qisim insanlar çaşdırılır. Bəli, mən həbsdə olanda VİP sədri Əli Əliyev çoxları kimi mənim həbsimə etiraz edib. Məsələ burasındadır ki, mən də ilk gündən, (hətta o, prokurorluğa çağırılan gündən) Əli Əliyevin qanunsuz həbsinə etiraz etmişəm, (özü də daha çox və ardıcıl) onun hüquqlarının müdafiə komitəsinə üzv olmuşam və onu müdafiə etməkdə davam edirəm. Təkcə hörmətli Sevinc xanımın efirində dəfələrlə Əli Əliyevin həbsinin siyasi sifariş olduğunu, onun müxalifət mövqeyinə və danışdıqlarına görə cəzalandırıldığını israrla və sürəkli demişəm, ona azadlıq tələb etmişəm. Facebook sosial şəbəkəsində Əli Əliyevlə bağlı onu müdafiə edən çoxlu statuslar yazmışam. Bunu başqa platformalarda da etmişəm. Yaxşı olardı ki, hörmətli Sevinc xanım montaj etdiyi bu videoda analoji olaraq mənim də Əli bəyin müdafiəsi üçün dediklərimi yerləşdirərdi, çünki belə daha dürüst olardı. İndi isə, mənim bu montaj edilmiş videodakı sözlərimə aydınlıq gətirim. Həmin sözlər "Azərbaycan saatı" verilişində Qənimət Zahidlə müsahibəmdən kontekstdən çıxarılaraq götürülüb. Hörmətli Sevinc xanım öz efirində məndən soruşur ki, niyə sizinkilər həbsdə olan Saleh Rüstəmli və Niyaməddin Əhmədov kimi "əhəmiyyətsiz" adamları çox ürəkdən müdafiə edirlər, onlar haqqında şəkillər və statuslar paylaşırlar, amma Əli Əliyev haqqında bunu etmirlər. Mən də cavabımda bildirmişəm ki, şəxsən mən özüm onu kifayət qədər müdafiə etmişəm, amma sıravi müsavatçı və cəbhəçilər onun haqqında belə düşündükləri üçün bu işdə həvəssizdirlər. Hörmətli Sevinc xanım düşünür ki, əgər biz onun tələbləri əsasında Əli Əliyevin müdafiəsi üçün mitinq keçirmiriksə və ya onun məhkəməsində iştirak etmiriksə, onda VİP sədrinə qarşı münasibətdə İlham Əliyevlə bir sırada dururuq. İlham Əliyevin düşmən saydığı və sıradan çıxarmağa çalışdığı Tofiq Yaqubluya qarşı qaralama (məhz qaralama) kampaniyası aparmaq hər kəsin öz seçimidir. Dostlar, əmin olun ki, siyasi mübarizə həyatımda bu məsələ də daxil olmaqla dilimin qısa, gözümün kölgəli olduğu bircə dənə də fakt, məqam yoxdur. Bizim hadisə və proseslərə Sevinc xanımın diktə və tələbi ilə yanaşma fikrimiz, nə də öhdəliyimiz yoxdur. Əli Əliyevə azadlıq tələb edirəm!"
Sorğu
Yeni dizaynımız necədir?