Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan hüquq müdafiəçisi və jurnalist Elçin Məmməd iyunun 27-də aclığa başlayıb. O, həbsdən azad olunmasını tələb edir.
Elçin Məmmədin rəhbərlik etdiyi “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatı bildirib ki, Məmməd “ədalətsizliyə etiraz olaraq Azərbaycan vətəndaşlığından imtina edir və Avropa İttifaqı ölkələrindən birindən sığınacaq istəyir,” təşkilatın məlumatında deyilir.
Məmməd öz addımlarını Azərbaycanda ədalətə nail olmaq imkanlarının tükənməsi və artıq Azərbaycan məhkəmələrinin qanuni qərarlar qəbul edəcəyinə inanmaması ilə əsaslandırır.
İyulun 13-də Ali Məhkəmə onun cəzasının üçdə bir hissəsini çəkdikdən sonra vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtinaya dair kassasiya şikayətinə baxacaq.
İyulun 1-də birinci instansiya məhkəməsində onun cəzasının yarısını çəkdikdən sonra vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı yeni müraciəti üzrə dinləmələr keçiriləcək. Lakin artıq Penitensiar Xidmətin Komissiyası onun cəzasının yüngülləşdirilməsi ilə bağlı mənfi rəy verib.
Elçin Məmməd hesab edir ki, formal məhkəmədən sonra onun apellyasiya şikayəti yenidən rədd ediləcək. Elçin Ali Məhkəmənin də ədalətliliyinə inanmır.
Bununla yanaşı, Elçin Məmmədin aclığa başlaması ilə bağlı məlumata Penitensiaer Xidmətdən şərh almaq mümkün olmayıb.
17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsi "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" qeyri-hökumət təşkilatının rəhbəri və "Yüksəliş naminə" saytının redaktoru Elçin Məmmədi "oğurluq", "hərbi sursat və silahların qanunsuz saxlanmasında" təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.
Amnesty International, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Elçin Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?