Bu gün “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İB-nin sədri-Fikrət Cəfərli Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik cənab Vilayət Eyvazova müraciət edib.
Müraciətdə deyilir:
Cənab Nazir!
Bildiririk ki, Masallı rayon Polis Şöbəsinin Boradigah polis bölməsində 15 yaşlı Valeh İsmayılov ağır işgəncəyə məruz qalıb. Bu barədə Valeh İsmayılovun anası Günay Həbibova məlumat verib.
Günay xanımın verdiyi məlumata görə 24 iyulda gecə saat 2 radələrində iki nəfər mülki şəxs onların yaşadığı evə gələrək onun azyaşlı oğlu Valeh İsmayılovu polis bölməsinə aparıblar.
Yeniyetmə uşağı bir sutka polis bölməsində saxlayaraq etmədiyi oğurluq hadisəsini işgəncəylə boynuna qoyaraq, “etiraf” videosunu çəkərək sərbəst buraxıblar.
Hal-hazırda ailə polisin təqibi altındadır. Ailəyə polis bölməsində az yaşlı uşağa verilmiş işgəncədən şikayət etməməsi üçün təyziq göstərilir.
Cənab Nazir
Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən 15 yaşlı Valeh İsmayılova işgəncə vermiş polis əməkdaşlarını, gecə saat 2 radələrində qanunsuz olaraq işgəncə görənin evinə soxulan mülki şəxslərin qanuna müvafiq olaraq cəzalandırılmasını xahiş edirik.
Sorğu
Yeni dizaynımız necədir?