”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları ilə bağlı iyul hesabatını yayıb.
Hesabatda ölkədə insan hüquqları ilə bağlı vəziyətin pisləşdiyi, ictimai fəal, jurnalist, vəkil , müxalifət nümayəndələri və digərlərinə qarşı təzyiqlərin artdığı qeyd olunur:
"İctimai fəallar yaşadıqları ünvanlardan polis bölmələrinə aparılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə saxta inzibati protokollar tərtib edilir, məhkəmələr vasitəsilə inzibati qaydada həbs edilirlər. Hüquq müdafiəçilərinin, jurnalistlərin peşə fəaliyyətlərinə maneələr yaradılır və bəzən də fəaliyyətlərinə imkan verilmir. İctimai fəal Bəxtiyar Hacıyevə və jurnalist Aytən Məmmədovaya qarşı törədilmiş cinayət hadisələrinin üstü hələ də açılmayıb”.
Mərkəz qeyd edir ki, Baş Prokurorluq qüvvəyə minmiş yeni Media Haqqında qanunu əsas gətirərək bir qrup jurnalist, ictimai fəallardan onlayn mediada və sosial şəbəkələrdə yazdıqları yazıları dayandırmağı tələb edib.
Həmçinin "Kanal 13” kanalının Bakı bürosunun rəhbəri Əziz Orucov ailəsi ilə birlikdə Sahil bağında gəzərkən nəməlum şəxs tərəfindən təhdid edilib.
"Xural” TV-nin rəhbəri Əvəz Zeynallı isə xüsusi ittiham qaydasında məhkəməyə verilib və iş ekspertiza mərhələsindədir.
Hesabatda vəkillərin hüquqlarının pozulmasına dair monitorinq yer alıb:
"14 iyulda vəkil Gülnar Həsənova Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsində zorakılığa məruz qalıb. Bölmə rəisi Nizami Novruzovun göstərişi ilə vəkilin telefonu əlindən alınıb və polis bölməsində saxlanılan müdafiə etdiyi şəxslə görüşünə icazə verilməyib.
28 iyulda vəkil Əziz Qəmbərliyə Bərdə rayon Polis İdarəsində saxlanılan, müdafiə etdiyi şəxs Hüseynov Hüseyn Ələmşah oğlu ilə 4 gün görüşməsinə qanunsuz olaraq icazə verilməyib. Vəkil bununla bağlı Ombudsmana və digər aidiyyəti orqanlara müraciət etsə də, heç bir müsbət nəticəsi olmayıb”.
Vəkillər Cavad Cavadov, Elçın Sadıqov, Bəxtiyar Hacıyev, Ramil Rüstəmova da kobudluq edildiyi, onların konstitusiyanın 61-ci və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddələrindən doğan hüquqlarının icrasına imkan verilmədiyi bildirilib.
Hesabatda təşkilatın Ədliyyə və Daxili İşlər Nazirliklərinin tabeliyində olan müəssisələrdə saxlanılan, cəza çəkən şəxslərə verilən işgəncə halları gizlədildiyi qeyd olunub.
""İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” bundan sonra da resursları daxilində baş vermiş qanun pozuntularını cəmiyyətə çatdıracaq. Mərkəzin institusional dəstəyə etiyacı vardır”, - deyə hesabatın sonunda qeyd olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?