İdarə Heyətinin üzvlərinin seçilməsində birbaşa iştirak edirdi.
Bu isə o mənanın kəsb edirdi ki, deputatı seçdirən sonra ondan buyruq fəaliyyəti tələb etdiyi kimi, MŞ İH-nin üzvləri də başladılar PA-dan gələn sifarişləri icra etməyə. Şəxsən rəhbəri olduğum, Azərbaycan kimi müstəqil və azad olmağı məqsədi sayan, 30 ildir başı üzərində «Qarabağı azad etməyən xalqı Allah da azad etməyəcək!» şüarı gəzdirən «Təzadlar» qəzetinin rəhbəri kimi, bütün baş verənlərin episentrində olduğumdan kimsə bu sözlərimi təkzib edə bilərsə, buyursun. Hamıya gün kimi aydındır, ABU rektorunun şikayəti əsasında MŞ İH bizi məqsədli şəkildə mediamızı və jurnalistikamızı gözdən salmağa xidmət edən uydurulmuş «reket jurnalistika» siyahısına salmaq istədi. Alınmadı… Axı biz boyunduruq adamı deyildik!!!
Sonra ABU rektoru məni xüsusi ittiham qaydasında məhkəməyə verdi. MŞ rəhbərliyi E.Abdullayevə, baxmayaraq ki, o vaxt rəhmətlik Əyyub Kərimov buna qəti etiraz etmişdi ki, ictimai təşkilat olan MŞ-ın məhkəməyə belə bir sənəd göndərməsi yolverilməzdir (belə ədalətliliyi həm də Mətbuat Şurasının katibi Şəmsəddin Əliyevdə görmüşəm…). Və rəy təqdim edilmişdi ki, guya qəzet yazıda balansı pozub. Paradoksa baxın, E.Abdullayev isə qəzeti yox, məni məhkəməyə vermişdi! Nəhayət, hakim Tahir İsmayılov, o da bu yolda yandı, barəmdə azadlıqdan məhrumetmə cəzası çıxardı. Bəxtim də gətirdi, həm də Allah prezident İlham Əliyevə can sağlığı versin, ATƏT rəsmiləri ilə görüşdə bu məlumatı eşidən kimi dərhal göstəriş vermişdi ki, məsələyə ədalətli yanaşılacaq və jurnalist dərhal azad ediləcək! Məgər başqa cəza növü yox idi ki?! Və iki gündən sonra məhkəmə qərarı ilə bəraət alıb həbsdən çıxıram… E.Abdullayev əl çəkmir, MŞ rəhbərliyindən və MŞ İH-nin bəzi üzvlərindən qəzeti qaralamağı rica edir, çünki…
***
Mətləbdən uzaqlaşmayım: Elşad Abdullayevin məqalələrini rəsmi qəzetdə müntəzəm çap edən və Ramiz Mehdiyevin 22 ildir deputat etdiyi (Ramiz Mehdiyev işdən çıxanda əleyhinə çıxış edənlərdən oldu) Bəxtiyar Sadıqov məlum səbəbdən bizdən qisasa almaq üçün MŞ-ın nüfuzundan və Əflatun Amaşovun üzüyumşaqlığından sui-istifadə edərək Türkiyə səfiri Hulusu Kılıç barədə tənqidi yazıya görə (Hazırda hulusu Kılıç Türkiyədən olan ən yaxın dostlarımızdan biridir, daim əlaqə saxlayıram, özü də mənə zəng edir və s.) qəzeti «reket» elan etdilər. Və Əli Həsənovun Mətbuat Şurası bununla da layihələrdən, hətta jurnalist yazı müsabiqələrindən yolumuzu kəsdi… İş o yerə çatmışdı ki, MŞ adından icarədə olduğumuz «Azərbaycan» nəşriyyatına, «Qasid» yayım firmasına və s. məktub göndərilmişdi ki, qəzetin adı «qara siyahı»da olduğundan icarədən çıxarın, yayımını dayandırın!!! Eşidin, məhkəmə qərarı olmadan bunları edirdilər. «Edirdilər» deyəndə, Bəxtiyar Sadıqov MŞ-ı idarə edirdi də!
Adını çəkib utandırmaq istəmirəm, bəziləri var idi, hansısa tənqidi məqalə və ya şikayət məktubu çap edirdik, təşkil edilirdi, bizi çağırırdılar Mətbuat Şurasına ki, sizdən şikayət var! Rektor Ədalət Muradovun doktorluq dissertasiyasının, deputat Bəxtiyar Əliyevin namizədlik dissertasiyasının… Azərbaycanda niyə yoxa çıxarılmasını yazırıq, bir dəstə (guya) şikayətçi gəlir ki, yalandı. Bu «yalan»ın ömrü isə bir həftə çəkdi, əməkdaşımızla Kiyevə uçub rektorun doktorluq dissertasiyasını Azərbaycana gətirib Azərbaycanın və ölkənin siyasi hakimiyyətinin əleyhinə olan, «Əsrin müqaviləsi»ni puç sayan və s. tezislərini çap edəndən sonra MŞ-dakı bəziləri susdular. Nəinki susdular, məcbur olub «qara siyahı» və «reket qəzet» terminini ümumiyyətlə, hafizələrindən sildilər. Sən demə, hər şey bizimlə bağlı imiş…
***
İndi soruşuram: niyə o vaxt az qala hər ay bizdən «şikayətlər» olurdu, amma neçə ildir, xüsusən MEDİA Agentliyi yaranandan bizdən şikayət edən yoxdur??? Halbuki təqidi yazılarımızın sayı-hesabı yoxdur! Niyə? Çünki indi Əli Həsənov yoxdur ki, PA-dan Bəxtiyar Sadıqovlara tapşırıq versin və s. Allah MEDİA-nın və onun rəhbərinin ömrünü Şuşanı qoruyan dağların ömrü qədər eləsin!
***
ndi gəlirəm əsas mətləbə: qardaşlar, mətbuatımızın Əli Həsənov dönəminin sifətini 44 günlük müharibəli günlərimizdə gördük. Xaricdən Azərbaycana top-tüfəngli gələn jurnalistlərin cavabını nə Mətbuat Şurası, Azərbaycan Jurnalistlər Birliyi… nə də 11 il ərzində dövlət büdcəsindən milyonları, Əli Həsənovdan isə orden-medal, mükafatlar, mənzillər alan qəzet redaktorları… deyil, Prezident İlham Əliyev verirdi! Təvazökarlıqdan min dəfə uzaq, özümün Türkiyə mediasında və xarici dillərdə 50-dən çox müharibə qoxulu məlumatlarım dərc olunub(linkləri təqdim edə bilərəm). Azər Həsrətdən və Umud Mirzəyevdən savayı, MŞ-dakılardan kimin bircə cümləsi xarici dildə və əcnəbi mediada yayımlanmışdı? Bəlkə həm də deputat olan Bəxtiyar Sadıqovun Fransa, İngiltərə, Avstraliya… mediasında məqaləsi çap olunmuşdu?!
***
…Nə isə! Sonda onu deyim ki, Mətbuat Şurasının xoş niyyəti var idi, məlum səbəblərdən adını batırdılar. Kiməsə indiki naxoş halda olan Mətbuat Şurası lazımdırsa, buyursunlar! Yox, bizə həqiqətən də vicdanlı və ədalətli, sifarişlə, telefon zəngi ilə işləməyəcək MŞ və onun İdarə Heyəti lazımdırsa, gəlin jurnalistlərin qarşıdan gələn qurultayında onu yaradaq. Mən əminəm ki, elə də olmalıdır. O da var ki, MEDİA Agentliyi təşəbbüsləri lazımi səviyyədə ələ alıb, həqiqətən də Azərbaycan mediasının sorağının xarici ölkələrdən gəlməsinə çalışdığı, yetərincə də nail olduğu ortadadır, lakin ictimai əsaslarla fəaliyyət göstərəcək bir qurumun olması da ola bilsin vacibdir. Elədirsə, o da olsun! Hətta tam səmimiyyətlə deyirəm ki, MEDİA Ağentliyinin dövlət qurumu olduğunu belə bu günədək ayırd etməmişəm. Çünki MEDİA mətbuatımızın, necə deyərlər, ağlı-qaralı olan ailəsinin içindədir, hamıya meydandır. Adicə, sonuncu dəfə Şuşaya jurnalistlərin səfərlərində heç kimə fərq qoyulmamışdı (say çoxluğuna görə birinci dəfə gedə bilməyənlər növbəti dəfə dəfə səfər etmişdilər). Amma Vüqar Səfərlinin dönəmində jurnalistlərin bayramına bizləri buraxmırdılar, amma katibələr, «podruqa»lar… Milli Mətbuat Gününü Əli Həsənovla, Vüqar Səfərli ilə çəkdirilən fotoşəkillərlə qeyd edirdilər!
HAŞİYƏ: yadımdan çıxmamış, niyə yazının başlığını «Azərbaycanın Mətbuat Şurası və məhkəmə sistemi…» qoymuşdum? Çünki Mətbuat Şurası kimi Azərbaycanın məhkəmə sistemində də sifarişli, telefon zəngli… qərarlar qəbul edildiyinin şahidiyəm… Bilmirəm, indiyədək belə olub, bəlkə bundan sonrakı MŞ mediamızın gününü ağlayan olacaq, onu da deyə bilmirəm…
Asif MƏRZİLİ,
Avropa Mətbuat Federasiyasının üzvü
P.S.Hökumətin yerinə olsam, Əflatun Amaşov həqiqətən də yaxşı insandır, sadəcə, yumşaq adamdı, onun potensialından istifadə etməklə Mətbuat Şurasını arxivə göndərərdim… Medianın problemləri ilə neçə qurum məşğul olmalıdır ki?! Düzdür, deyirlər ki, MŞ məhkəmələrə qədər jurnalistlərin problemlərinə kömək edir. Amma mən deyirəm və həmişə də demişəm: məhkəmənin hansısa cəza qərarından canımızı qurtara bilirdik, amma MŞ-ın hansısa xəbərdarlığı belə illərlə jurnalistləri layihələrdən, yazı müsabiqələrindən kənarda qoyurdu… Heç ağır cinayət törədən məhbusun Konstitusion hüquqları belə məhdudlaşdırılmırdı, nəinki Vüqar Səfərli MŞ-ın əli ilə bunu edirdi…
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?