Sentyabrın 27-də Kiyev Apellyasiya Məhkəməsi soydaşımız, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlının vəkili Valeri Dobranitsanın şikayətini təmin edib. GUNDEMXEBER.AZ xəbər verir ki, vəkilin AYNA-ya verdiyi məlumata görə, bu şikayət Obuxov Rayon Məhkəməsinin bu il mayın 18-də çıxardığı qərarla bağlıdır.
“Mayın 18-də hakim Zinçenko mənim, tərcüməçimin və müdafiə etdiyim şəxslərin iştirakı olmadan Misir Qasımlının işi üzrə məhkəmə iclası keçirdi. Belə aşkar qanunsuzluqlarla əlaqədar Azərbaycan səfirliyinə müraciət etmək məcburiyyətində qaldım. Təəssüf ki, Apellyasiya Məhkəməsi Misir Qasımlının təqsiri sübuta yetirilmədiyi üçün onun qanunsuz həbsdə olduğunu görsə də, şikayətə baxılması prosesini yubadıb”, - deyə Dobranitsa bildirib.
Onun sözlərinə görə, Apellyasiya Məhkəməsi müxtəlif bəhanələrlə şikayətə baxılmasını gecikdirdi: “Əgər məhkəmə şikayətimə 120 gün yox, 60 gün ərzində vaxtında baxsaydı, deməli, müdafiə etdiyim Misir Qasımlı və Sübhan Quliyev hələ mayın sonunda çoxdan azadlıqda olmalıydılar. İndi Kiyev Apellyasiya Məhkəməsinin qərarı mənə imkan verir ki, Qasımlı və Quliyev qanunsuz olaraq istintaq təcridxanasında həbsdə olduqları üçün onların həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün Obuxovski Rayon Məhkəməsinə müraciət edim”.
“Kiyev Apellyasiya Məhkəməsinin qərarından belə çıxır ki, Obuxovski Rayon Məhkəməsinin hakimi mənim şikayətimə baxılmadığını bildiyi üçün may ayından qanunu pozur, Qasımlı və Sübhanın həbs müddətini uzadır: “Məhkəmə iyul və sentyabr aylarında onların həbs müddətini qanunsuz olaraq uzadıb. Əgər Apellyasiya Məhkəməsi qanunla müəyyən edilmiş müddətdə şikayətimə baxsaydı, o zaman Obuxovski Rayon Məhkəməsinin hakimi müdafiə etdiyim şəxslərin həbsini uzada bilməzdi”, - deyə vəkil söyləyib.
Əlavə edib ki, Kiyev Apellyasiya Məhkəməsinin qərarı hələ əlində deyil: “Qərar dünən elan olunub. Mən bu sənədi alan kimi artıq Qasımlı və Quliyevin istintaq təcridxanasından azad edilməsi üçün rayon məhkəməsinə müraciət etmək üçün əlimdə əsas yaranacaq. Mayın 18-dən müvəkkillərim qanunsuz olaraq istintaq təcridxanasında saxlanılır və məhkəmə bunu müəyyən edib”.
Öz növbəsində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavad AYNA-ya deyib ki, Kiyev Apellyasiya Məhkəməsinin qərarı Obuxov Rayon Məhkəməsinin Misir Qasımlı və Sübhan Quliyevin zaminə buraxılması ilə bağlı vəsatətini təmin etməyə əsas verir: “İnanıram ki, oktyabrda bu məsələ öz müsbət həllini tapacaq. Həmişə olduğu kimi bu günlərdə də UABD Misir Qasımlının yanındadır”.
Xatırladaq ki, 2021-ci ilin iyununda İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyev Kiyevdə saxlanılıb. Onlar Kiyev restoranlarından birində olarkən bir İspaniya vətəndaşı tanış olmaq üçün onlarla əyləşib. Söhbət zamanı məlum olub ki, bu şəxsin anası erməni, atası isə ərəbdir. Əcnəbi hətta Misir Qasımlının hesabını da restoranda ödəyib. Daha sonra başqa yerə getməyə qərar veriblər. Maşında gedərkən əcnəbi Qasımlıya narkotik satmağı təklif edib və nəticədə mübahisə yaranıb. Nəticədə Qasımlı əcnəbini avtomobildən endirib.
İspaniya vətəndaşı polisə şikayət edib ki, guya adıçəkilən şəxslər ona qarşı zor tətbiq edərək qarət ediblər. Qasımlı və Quliyev 2021-ci ilin iyununda məhkəmənin qərarı ilə həbs olunsalar da, onların barəsində olan cinayət işinə məhkəmədə baxılmayıb. Məhkəmə yalnız onların həbs müddətini uzadıb.
Yalnız bu yaxınlarda Obuxov Rayon Məhkəməsində bu cinayət işi üzrə dinləmələr keçirilməyə başlayıb. Vəkil Valeri Dobranitsanın sözlərinə görə, ittiham tərəfinin Qasımlı və Quliyevə qarşı birbaşa sübutu yoxdur. Kiyev Apellyasiya Məhkəməsinin qərarı Misir Qasımlı və Sübhan Quliyevin tezliklə bəraət alacaqlarına və azadlığa buraxılacağına böyük ümidlər yaradır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?