Dünyada şərin dayağı olan iki tiran birləşib bir-birini xilas etmək üçün son ürkək cəhdlərini edirlər.
İran molla rejimi minlərlə "Şahed" PUA-dan sonra Rusiyaya 300 km və 700 km məsafəni vuran "Fateh-110" və "Zülfüqar" ballistik raketlərini verəcəyini açıqlayıb.
Rusiyanın raket arsenalı tükənmək üzrə olduğu bir vaxtda dünyanın ən qorxunc diktatura rejimlərinin bir-birini, əslində isə özlərini xilas etmək üçün son kövrək və aciz çırpıntılarını izləmək möhtəşəm bir duyğudur deyərdim, Ukraynada, İranda minlərlə rejim qurbanının ürəkparçalayan faciələri olmasa...
Təsəvvür edin, Rusiya nə günə qalıb ki, 1979-cu ildən dünya texnoloji inkişafından təcrid edilmiş İranın ballistik raketlərinə ehtiyac duyur!
Tehranda dünən Elin həbsxanasında yaşanan vəhşət, tükürpədici insanlıq dramı, Güney Azərbaycan təşkilatlarının birləşib ortaya milli iradə qoyması bir aydan çoxdur davam edən xalq etirazlarını tətikləməklə, yəqin ki, İran adlanan istibdadın sonunun başlanğıcını gətirəcək.
Bu hadisənin nə zaman gerçəkləşəcəyini bilmirəm, amma onu bilirəm ki, Putin neofaşizminin çöküşü ilə İran teokratiyasının iflası arasında məsafə uzun olmayacaq.
Və onların hər ikisinin tarixin arxivinə köçməsilə biz Azərbaycan türklərinin çoxəsrlik özgürlük arzuları, azadlıq sevdası gerçəkləşməyə başlayacaq. Həm Güneydə, həm Qüzeydə.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?