Son günlər televiziyada və sosial şəbəkənin Azərbaycan seqmentində Güney Azərbaycanla bağlı mesajlar, çağırışlar səsləndirilir.
Buna səbəb İran rejiminin son vaxtlar Azərbaycan əleyhinə heç bir ölçüyə sığmayan rəftarıdır. İran sərhədimizdə hərbi təlimlər keçirir, bizi hədələyir. Üstəlik Ermənistanla yaxınlığını davam etdirir. İranın Ermənistanla yaxınlaşması Azərbaycanla münasibətləri kəskinləşdirməsi ilə paralel təşkil edir. Rəsmi Bakı buna dəfələrlə etiraz bildirsə də, Tehran rejimi bu iradları qulaqardına vurur.
İranın bu davranışı Azərbaycan ictimaiyyətində qıcıq yaradır. Siyasətçilər, rəsmi şəxslər, jurnalistlər, televiziya aparıcıları, sıravi insanlar – hər bir Azərbaycan vətəndaşı cənub qonşumuzun bu haqsız və ədalətsiz hərəkətinə qarşı səfərbər olub.
Bu günlərdə isə olduqca maraqlı hadisə baş verib. “Xəzər Xəbər”in aparıcısı Nigar Mahmudova efir başlayarkən Güney azərbaycanlıları da salamlayıb:
“O taylı, bu taylı Azərbaycan, axşamınız xeyir. Artıq Cənubi Azərbaycanı da salamlayırıq. İranın xətrinə dəyməmək üçün əvvəl “Cənubi Azərbaycan”, “Cənubi azərbaycanlılar” ifadələrini işlətmirdik, “İranda yaşayan Azərbaycan türkləri” deyirdik. Amma molla rejimi bizə qarşı o qədər təxribat etdi ki, biz də hər şeyi öz adı ilə adlandırmalıyıq”.
Bəs cəmiyyətdə formalaşan bu yanaşmanı labüd edən nədir?
Poltoloq Əlimusa İbrahimov Globalinfo.az-a bildirib ki, Cənubi Azərbaycanla bağlı milli ruh həmişə bizdə yüksək səviyyədə olub, amma onu reklam etməyə və daha da qabartmağa ehtiyac görməmişik.
“Xalq həmişə bu ruhu ürəyində bəsləyib və böyüdüb. Amma naxələf qonşularımızın hissiyatını tapdalamamaq, onları əbəs yerə üstümüzə qaldırmamaq üçün sakit dayanmışıq və bu hissləri mətbuatdan kənar yaşatmışıq. Lakin son hadisələr və İran molla rejiminin bizim yumşaq siyasətimizi başa düşməməsi onunla münasibətdə bu sahədəki siyasətimizə də yenidən baxmağa bizi məcbur etdi. Hörmətli Prezidentimizin son çıxışı zamanı bütün dünyada yaşayan 60 milyonluq azərbaycanlıya müraciətlə səsləndirdiyi fikirlər millətimizin kövrək hisslərinin büruzə verilməsi üçün bir təkan oldu. Görünən budur ki, biz bundan sonra molla rejimi ilə onların başa düşdüyi dildə danışmalıyıq ki, bu da bizim o taylı qardaşlarımıza ən incə duyğularımızı heç kimdən çəkinmədən ifadə etməyimizdən ibarətdir. Qoy molla rejimi uzun müddət içərimizdə boğduğumuz hisslərin tufanı qarşısında davam gətirsin görək, necə gətirir”, – deyə o vurğulayıb.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sədrəddin Soltan deyib ki, Güney azərbaycanlılar yüz ildən artıqdır ki, öz milli hökumətini qurmaq üçün çaba göstərir:
“1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başlatdığı milli hökumət qurmaq hərəkatı 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökumətinin qurulması ilə nəticələndi. 1920-ci ildə də Xiyabani “Azadıstan” adında dövlət qurmuşdu. O dövlət 6 ay yaşadı. 1946-cı il dekabrın 11-də Rusiya və dünya güclərinin təsiri nəticəsində qan içində boğuldu. Bununla belə Güney Azərbaycan türkünün milli haqqının təmin olunması istiqamətində fəaliyyət davam etdi. Hətta 1979-cu il inqilabı dövründə Müsəlman Xalqının Hərəkatı Azərbaycan türkünün öz hüquqlarının təmin olunmasını tələb edirdi. Bunun nəticəsində İran Konstitusiyasına milli bərabərliklərlə bağlı maddələr daxil edildi. Bu, həm də İrandakı başqa millətlərin milli haqlarının təmin olunması istiqamətində hərəkatdir”.
S.Soltanın sözlərinə görə, qeyd edilən məsələnin bu gün ortaya çıxması təsadüfi deyil.
“Ötən əsrin 90-cı illərindən başlayaraq Babək qalasına yürüşlər edildi və o milli yürüşlərin şüarı “Güney Azərbaycan İran deyil” oldu. Azərbaycan türklərinin milli haqlarının təmin olunması, fars şovinizminə qarşı etiraz şüarları səsləndirilirdi. Yəni bu istiqamətdə 1979-cu il inqilabından sonra ardıcıl olaraq mübarizə aparılıb. Ölkədə islahatçı adlandırılan prezidentlər hakimiyyətə gələndə milli haqların təmin olunması ilə bağlı çoxsaylı müraciətlər olundu. “Varlıq” adında jurnalın bu günə qədər yaşaması Güney Azərbaycan türkünün milli varlığını dünyaya çatdırmaq məqsədi daşıyır”.
Ekspert deyib ki, Güney azərbaycanlıların bu gün müdafiə olunması və dəstəklənməsi təbiidir:
“Bu onu göstərir ki, Azərbaycan Respublikasında bu məsələ heç vaxt yaddan çıxmayıb, həmişə Azərbaycan türklərinə əl uzatmaq, onların pozulan haqlarının müdafiə olunması üçün bu taydakı soydaşları onları müdafiə ediblər. Prezidentin məlum çıxışında da səsləndirilən fikirlər bunu təsdiqləməkdədir ki, Azərbaycan Respublikası dünyanın harasında olmasından asılı olmayaraq, azərbaycanlıların pozulan haqlarını müdafiə edir, qoruyur. Azərbaycan Respublikası Prezidentinin Dünya azərbaycanlılarının qurultayında “50 milyonluq Azərbaycan türkünün prezidentiyəm” deməsi isə söylədiklərimizi təsdiqləyir. Azərbaycan nə quzeydə, nə də güneydə Güney Azərbaycan türkünün pozulmuş haqqını yaddan çıxarmır. Necə ki, torpaqlarımız işğal altında olanda Güney azərbaycanlıları Qarabağla bağlı müxtəlif tədbirlər keçirirdilər. Bu gün də Azərbaycanın başına gətirilən bütün faciələrlə bağlı güneydə aksiyalar keçirilir və Azərbaycanın şad günləri qeyd olunur. Bu onu göstərir ki, bu bir millətdir. Sadəcə olaraq birinin dövləti var, bu həm də onun vətənidir, digəri də öz milli haqqı uğrunda mübarizə aparır və bu haqqa da İnşallah ki, çatacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?