Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 %, qeyri-ərzaq məhsulları üzrə 108,3 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 % təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 %, ötən ilin noyabr ayı ilə müqayisədə 115,1 % olub. Bu ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi oktyabr ayına nisbətən 101,2 %, ötən ilin noyabr ayı ilə müqayisədə 120,1 % təşkil edib.
Ay ərzində ayrı-ayrı ərzaq məhsullarında daha çox artım unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, azalma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunub. Bu gün ərzaq məhsullarının qiymətində artım davam etsə də əhali mövcud əməkhaqqı və pensiyaların bazara uyğun olmadığını deyir.
Ümumiyyətlə, əmək haqqı və pensiya nə qədər artmalıdır ki, mövcud bahalaşmanı müəyyən qədər kompensasiya etsin?
GUNDEMXEBER.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirdi ki, əslində proqressiv artımlara gedilməsinə ehtiyac vardı:
“İnflyasiya, qiymətlər indeksi ümumi rəqəmi göstərir. Ancaq insanlar üçün hətta rəsmi rəqəmlərlə götürmüş olsaq belə, hiss edilən inflyasiya, ərzaq məhsulları inflyasiyasının səviyyəsi 20 faiz ətrafındadır. Qeyri-rəsmi inflyasiya ərzaq məhsullarında 40-50 faizə çatır. Bu baxımdan indiki halda maaş və pensiyaların nə qədər artmalı olduğunu demək çətindir. Müxtəlif qiymətləndirmələrə görə, adambaşına düşən gəlir, daha doğrusu, minimum istehlak səbətinin dəyəri 2023-cü ildə 400 manata yaxın olacaq. Bütün sosial müavinətlərdə, minimum pensiyalarda bu məqamlar nəzərə alınmalıdır. Hökumət 2023-cü ildə bunu 246 manat nəzərdə tutur, ancaq reallıqda 400 manata yaxın olması ehtimalı yüksəkdir. Azərbaycan hökuməti öz qarşısına məqsəd qoymuşdu ki, minimum əmək haqqı orta aylıq əmək haqqının 60 faizi səviyyəsinə çatdırılacaq.
Bu asbektdən yanaşsaq, minimum əmək haqqını da 300 manatdan 500 manata qaldırmalıdırlar. Bu, müəyyən mənada bu gün yaranmış qiymət təzyiqlərini neytrallaşdıra bilər. Ölkə üzrə ümumi bir göstərici desək, ən azından sosial ödənişlərə, pensiyalara, təqaüdlərə, əmək haqqı fonduna nəzərdə tutulan vəsaitlər 30 faiz ətrafında artmalıdır ki, müəyyən qədər 2023-cü ildə yaranacaq inflyasiya təzyiqlərinin, 2022-ci ilin faktiki nəticələri də nəzərə alınmaqla yoxsullaşma riskinin qarşısını almaq mümkün olsun”.
Yeni büdcənin həcmi sosial paketlər təqdim etməyə imkan verirmi?
Ekspert deyir ki, yeni büdcənin indiki miqdarı sosial paketlərə imkan verir:
“Ancaq indiki büdcədə nəzərdə tutulubmu? Xeyr. İndiki büdcədə sosial paketlərin açıqlanması ilə bağlı elə bir vəsait nəzərdə tutulmayıb. Məsələn, 2024-cü ilin transfertlərinə baxanda görürük ki, dövlət büdcəsindən DSMF-na ayırmalar birdən-birə 2 dəfəyə yaxın, kəskin şəkildə artırılır, 2,5,- 3 milyard manata çatdırılır. Burada müəyyən bir siqnal görmək olar ki, 2024-cü ilə hökumətin bəlkə də bu istiqamətdə nəsə bir planı var. Ancaq 2023-cü ildə DSMF-nin büdcəsində pensiya ödənişləri üçün cəmi 9 milyon manat artıq vəsait nəzərdə tutulub. Həmin 9 milyonun 760-770 mini birbaşa olaraq faktiki gözlənilən qanunvericiliyin tələbinə uyğun olaraq indeksləşdirmə öhdəliyini yerinə yetirməyə gedəcək. Proqnozlara görə, 15-20 min pensiyaçı sayında artım olacaq.
Digər qalan hissə həmin artımları kompensasiyaya yönələcək. Burada həmçinin 16 manat ödəniş var. Əlavə bir artım gözləmək sadəlövhlük olardı. Büdcəyə də baxanda təəssüf ki, bunu görmürük. Büdcədə yalnız 670 milyon manat ətrafında bir əmək haqqı fondunun artımından söhbət gedir ki, onun da 470 milyonu elə təhsil sahəsi üzrə ayırmalardır. Təhsil üzrə ayırmalarda 2022-ci ilin sentyabr ayından başlayaraq sertifikasiya ilə bağlı diferensial əməkha qqının ödənilməsi yanaşması var. Vəsait böyük ehtimalla bu prosesin maliyyələşdirilməsinə yönələcək. Müəyyən mənada da işğaldan azad edilmiş ərazilərdə yeni ştatların açılması dövlət büdcəsində nəzərdə tutularaq, vəsaitin bir hissəsi də buna yönələ bilər. Bütövlükdə götürdükdə büdcədə büdcə təşkilatlarına əmək haqqı artımını görmək olmur. Ancaq bunu reallaşdımaq olar. Çünki Prezidentin Ehtiyat Fondu, büdcənin, Maliyyə Nazirliyinin ehtiyat fondu var. Xərclərin səmərəliliyinə baxanda da bu gün yayılan məlumatı misal göstərmək olar. Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin sədri tərəfindən 210 milyondan artıq vəsaitin mənimsənilməsindən söhbət gedir.
Naxçıvan kiçik bir ərazidir, büdcəsi 550 milyon manat olan bir bölgədir və öz gəliri 100-150 milyon olub. Belə bir bölgədə adi bir komitədə çalışan məmur 200 milyondan artıq vəsait mənimsəyirsə, demək ki, dövlət büdcəsində birmənalı şəkildə hər şeyə pul tapmaq olar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?