Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ermənistanın “sülh zəmanəti institutu” oyunu - Ekspert danışır
Ermənistan Azərbaycana sülh müqaviləsinin mətnində zəmanətlər institutunun təsbit edilməsini təklif edib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentdə keçirdiyi brifinqdə belə deyib.
Onun sözlərinə görə, erməni tərəfi beynəlxalq təşkilatların və ya müxtəlif ölkələrin sülh müqaviləsinin müddəalarının yerinə yetirilməsinin təminatçısı kimi çıxış etməsini təklif edir.
“Bu qurumun vəzifəsi müqavilənin icrasını təmin etməkdir. Bundan başqa, böhran yaranarsa və onu həll etmək mümkün olmadıqda Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək üçün mexanizm yaratmağı da təklif etdik”, - deyə Qriqoryan bildirib.
O iddia edib ki, bu təklif guya Azərbaycanın müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı gündəmə gəlib.
Təklifdə Qarabağla bağlı həll yoluna gəlinə biləcək bəndin olub-olmadığını suala Qriqoryan "Bu danışıqlar məsələsidir" cavabını verib.
Xatırladaq ki, rəsmi İrəvan Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin dekabrın 23-nə planlaşdırılan görüşünün təxirə salınmasını təklif edib.
“Ermənistan tərəfinin Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində konstruktivliyinin əlaməti olaraq görüşün şəraitindən asılı olmayaraq, Ermənistan tərəfinin münasibətlərin normallaşdırılmasına dair sənədlə bağlı yeni təklifləri Azərbaycana təqdim edilib” - Ermənistan XİN-in açıqlamasında belə deyilir.
Gundemxeber.az-ın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan qeyri-ciddi təkliflər irəli sürməklə sülh sazişindən yayınmağa çalışır.
“Ermənistan o qədər çarəsiz durumdadır ki, son bir neçə ayda müxtəlif absurd təkliflər isrəli sürüb. Ərazilərimiz işğal altında olanda Azərbaycan münaqişənin sülh yolu ilə həll olunması üçün dəfələrlə məsələ qaldırıb. İndi isə müharibədə qalib gələn tərəf kimi Azərbaycan sülh sazişinin imzalanmasını, sərhədlərin müəyyənləşməsini, dəhlizin açılmasını təklif edir.
Ermənistan bunlara razılaşmaq əvəzinə bizə qarşı absurd təkliflər irəli sürür. Bəzən beynəlxalq müşahidəçilərin gətirilməsini təklif edirlər. Paşinyan da deyib ki, Rusiya sülhməramlılarının əvəzinə Laçın-Xankəndi yoluna beynəlxalq müşahidəçilər yerləşdirilsin. Bu absurd fikirdir. İlk növbədə, Azərbaycan buna razılaşmaz. İkincisi, Rusiya bölgəyə ona görə yerləşməyib ki, öz missiyasını ATƏT-lə və ya BMT ilə bölüşsün. Üçüncüsü, ATƏT-in sülhməramlı qüvvələri yoxdur.
Armen Qriqoryanın dediyi təklifə gəlincə, bu, məntiqsiz açıqlamadır. Əgər Ermənistan sülh sazişinin hazırlanması və həyata keçirlməsi ilə bağlı İşçi qrupun yaradılmasını təklif etsə idi, bu real ola bilərdi. Azərbaycanlı və erməni mütəxəssislər də daxil olduğu həmin qrupun daimi fəaliyyət göstərməsi mümkün idi. Əks təqdirdə, Ermənistan Fransanın ekspertlərini “zəmanət institutu” adlandırdığı quruma cəlb etməklə ermənilərə dəstək qazanmağa çalışacaq. Ona görə də belə təkliflər həyata keçməyəcək.
Ermənilər Azərbaycana qarşı BMT Təhlükəsilik Şurasının təzyiqlərinə nail olmaq üçün bir-iki gün şənləndilər. Ancaq onların bu səyi nəticə vermədi və azərbaycanlı ekofəalların etiraz aksiyası davam edir. Ermənistanın bütün mexanizmləri işə yaramadığına görə yeni təkliflər səsləndirirlər. Onlar başa düşürlər ki, proseslərə təsir etmək imkanları yoxdur. Paşinyan artıq Qarabağ yükündən azad olub. Ancaq indi Laçın yolunun bağlı qalması Paşinyan hakimiyyətinin reytinqinə mənfi təsir göstərir. Ona görə də çıxış yolu tapmaq üçün bu cür təkliflər irəli sürürlər.
Hətta dinc aksiyalara fasilə versək belə, iradəmizi ortaya qoymuşuq. Yoldan keçən bütün avtomobillər yoxlanacaq. Mülki insanlar, nəqliyyat vasitələri, təcili tibbi yardım maşınları hərəkətini davam etdirəcək. Amma o yoldan silahlar, terrorçular, Azərbaycanın viza vermədiyi üçüncü ölkə vətəndaşları keçməməlidir. Bu isə onları qorxudur. Ona görə də vəziyyətdən çıxış yolu tapmaq əvəzinə qeyri-ciddi təkliflər ortaya atırlar ki, sonra da desinlər bizim təşəbbüslərimiz qəbul olunmadı.
Ermənistanın bu absurd addımları nəticəsində gərginlik növbəti ilə keçdi və sülh sazişi imzalamaq mümkün olmadı. Ancaq onlar Azərbaycanın yol məsələsi ilə bağlı tələblərini qəbul etməyə məcbur olacaqlar. Bizim nöqsanımız ondan ibarətdir ki, diplomatik fəallığı artırmalıyıq. Təəssüflər olsun ki, səfirlərimiz kabinetlərindən bayıra çıxmır və ciddi təbliğat işi qurmur”.
Gundemxeber.az
16-07-2018, 15:00
2-12-2013, 16:34
12-09-2018, 12:47
28-02-2016, 06:42
31-05-2018, 11:39
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?