Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qadağadan sonra avtomobillər nə qədər bahalaşıb? - YENİ QİYMƏTLƏR
2023-cü ilin ilk rübündə (yanvar-mart) Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 min 799 ədəd nəqliyyat vasitəsi (avtomobil) idxal edilib.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda verir ki, nəqliyyat vasitələrinin idxalı 2022-ci ilin ilk rübü ilə müqayisədə dəyər ifadəsində 125 milyon 640 min dollar və ya təxminən 1,7 dəfə (66%), miqdar ifadəsində isə 3 min 697 ədəd və ya 21,6% artıb. 2022-ci ilin ilk rübündə Azərbaycana 189 milyon 354 min dollar dəyərində 17 min 102 ədəd nəqliyyat vasitələri idxal edilmişdi. Ötən ilin ilk rübündə minik avtomobillərinin idxalı 15 min 934 ədəd ikən, 2023-cü ilin ilk rübündə 19 min 264 ədəd təşkil edib. 2023-cü ilin ilk 3 ayında Azərbaycana 3 min 47 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid), 408 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib. Ötən ilin ilk ayında bu saylar müvafiq olaraq 3 min 140 ədəd və 70 ədəd idi.
Maraqlıdır, hazırda daha çox hansı avtomobilə maraq var? Qiymətlər ötən illə müqayisıdə necə dəyişib?
GUNDEMXEBER.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, il məhdudiyyətinin qoyulması ilə avtomobillərin də qiyməti artıb:
"Ölkəyə gətirilən avtomobillərə məhdudiyyət olmadığı müddətdə bir sistem işləyirdi, ona qədər qiymətlər də ucuz idi. Artıq bir neçə ildir ki, ölkəyə gətirilən avtomobillərə bəzi məhdudiyyətlər var. Bu məhdudiyyətə daha biri əlavə olundu və yaşı 10 ildən artıq avtomobillərin ölkəyə gətirilməsi qadağan edildi. Bununla da avtomobil istehsalçılarının reklam siyasətləri, daşınma xərci, ehtiyat hissələrinin keyfiyyəti avtomobillərin satışını, istismarını bahalaşdırdı. Azərbaycana bir yox, bir neçə istiqamətdən avtomobil gəlir. Yaponiya, Çin, Rusiya, Avropa, ABŞ istehsalı maşınlar ölkəyə gətirilir. Ölkədə Amerikadan, Yaponiyadan gələn hibrid tipli avtomobillərin qiymətində artım müşahidə olunur. Kiçik mühərrikli avtomobillərin qiymətindəki artım ötən illə müqayisədə 1500-2000 manat təşkil edir".
Onun sözlərinə görə, böyük mühərrikli avtomobillərin qiymətindəki artım daha çoxdur:
"Avropadan və Asiya ölkələrindən gələn dizel yanacağı ilə işləyən avtomobillərin qiymətlərində də eyni artım müşahidə olunur. O cümlədən, müştərilər arasında Rusiya istehsalı olan avtomobillər dəbdədir. Bunlar öz aktuallığını daim saxlayır və hazırda qiymətləri ortalama 6500-7000 manat arasında dəyişir. Keçən illə müqayisə etsək, qiymətdə 100-1500 manat artım var. Bunun da səbəbi odur ki, bu avtomobillərdə xüsusi servis tələb olunmur. Məlum olduğu kimi, böyük şəhərləri çıxmaqla, bölgələrimizdə xüsusi servislər yoxdur. Rusiya istehsalı olan avtomobillər isə böyük narahatlıq yaratmır, hətta ehtiyat hissələrini tapmaq belə olduqca rahat və asandır. Digər avtomobillərlə müqayisədə ehtiyat hissələri də olduqca ucuzdur. Amma keçən illərdə bu ehtiyat hissələri daha ucuz idi".
Qeyd edək ki, böyük mühərrikli avtomobillərin qiyməti ötən illə müqayisədə 4-5 min manat artıb.
GUNDEMXEBER.AZ
17-06-2022, 16:11
3-01-2014, 01:00
18-03-2020, 14:38
9-02-2021, 15:29
23-12-2020, 15:33
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?