Prezidentin, MM-in, KM-in, məhkəmənin ləğv edə bilmədiyi qərarı Filial necə ləğv edib?
İllərdir pensiya , sosial təminat hüququ ilə bağlı iki qurumun – son xidmət yerim olan DİN-lə ƏƏSMN-in özbaşınalığı arasında yaşam uğrunda savaşdayam. DİN Maliyyə Plan İdarəsi “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun 15v , 23b maddələrinə əsasən, uyğun olaraq minimum pensiyanın 300 və 100 faizi həcmində pensiyaya əlavəni, 58-ci maddə əsasında dolanışıq xərcləri indeksinin dəyişməsi ilə bağlı pensiyamı yenidən hesablamayıb; ƏƏSMN tabeliyində DSMF (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) pensiyam Fonda keçəndən sonra “Əmək pensiyaları haqqında” qanunun 26.1 maddəsinə qarşı çıxaraq, DİN-də təyin edilən pensiyanı 45.10 manat azaldıb, 19-cu maddəyə əsasən, 1-ci dərəcəli əlilə qulluğa görə 11 manat, 1-ci dərəcəli Qarabağ əlilinin pensiyasına 110 manat əlavəni hesablamaqdan imtina edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (hakim Elçin Məmmədov) 05.07.2017-ci il tarixli 2-1(81)-1889/17 saylı qərarla pensiyama 110 manat əlavənin hesablanmalı olmasını qərara alıb və qərar 2023-cü ilin aprelinə kimi icra olunub.
Pensiyamın düzgün hesablanmamasından şikayətlərimə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın (XŞTÜMF) direktoru Şahin Əliyev 26.01.2023 tarixli, onun müavini Elnur Qurbanov 22.02.2023 tarixli eyni məzmunlu məktublarla pensiyamın məhkəmə qərarı ilə əlavə olunan 110 manatla birlikdə 1112.44 manat hesablandığını, 30 gün müddətində məhkəməyə müraciət etmək hüququmu bildiriblər. 25.02.2023-cü ildə Bakı İnzibati Məhkəməsinə iddia təqdim edilib və martda icraata götürülüb. Məhkəmə (hakim Bəhlul Cəlalov) mayın 2-ə hazırlıq iclası təyin edəndə, apreldən pensiyama məhkəmə qərarı ilə əlavə olunan 110 manatı kəsməklə yenidən 138.79 manat azaldıb 973.65 manata salıblar. Özbaşınalığa baxın, XŞTÜMF rəsmi məktublarla məhkəmə qaydasında hüququmu təmin etməyi bildirir, məhkəməyə müraciət edəndə isə pensiyamı daha da azaldır. Belədə deyiblər, yumurtlamadı-yumurtlamadı, falı da yedi?“Əmək pensiyaları haqqında” qanunun Qarabağ qaziləri ilə bağlı heç bir tələbinə əməl etməyən Filial , pensiyadan məbləğ tutmaqda da özbaşınalıq edir. Sözügedən qanunun 39-cu maddəsinə görə, pensiyadan tutulma yalnız pensiyaçının razılığı ilə olmalıdır, razılıq olmadıqda məhkəmə yolu ilə tutula bilər. Belə çıxır, pensiya ödəyən orqanın pensiya qanunvericiliyindən xəbəri yoxdur ?! Bəs Konstitusiyadan necə? Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Konstitusiyaya hörmətsizliyi o həddədir ki, PREZİDENTİN, MİLLİ MƏCLİSİN, KONSTİTUSİYA MƏHKƏMƏSİNİN, MƏHKƏMƏ HAKİMİYYƏTİNİN LƏĞV EDƏ BİLMƏDİYİ MƏHKƏMƏ QƏRARINI LƏĞV EDİR?! Bunun bir adı var: ÖZBAŞINALIQ! Hələ ki özbaşınalıq sürür...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?