Qubad İbadoğlu ilə real həyatda tanışıq; həmyerliyik, amma dostluğumuz olmayıb. İş yoldaşı, yol yoldaşı olmamışıq. Onu öz sahəsini dərindən bilən bir mütəxəssis, ziyalı kimi tanıyıram. Ağlına, biliyinə, xarakterinə görə hörmətim var. Alim kimi, ekspert kimi çox nüfuz qazanıb. Qərb ölkələrinin universitetlərində işləyirdi. Buna görə də onun evində gerçəkdən 40 min ABŞ dolları ola bilərdi. Amma saxtası yox. Buna inanmaq olmur. Çünki o, ABŞ-da və Birləşmiş Krallıqda dərs deyərək kifayət qədər böyük məbləğ qazana bilirdi. Saxta əskinaslarla oynayacaq şəxs deyildi.
Məncə, onun həbs olunmasına səbəb adına olan mənzildən "tapılmış" o 40 min dollar deyil. Qubad bəyin həbsi, həm də bu şəkildə həbsi - özünə və ailəsinə qarşı zorakılıq edilməsi məni, əlbəttə, dərindən yaraladı. Sarsıtdı. Çünki bir alim kimi uğurları ilə qürurlandığımız şəxsiyyətlərdəndir. Siyasi fəaliyyəti vardı. Amma, sözün doğrusu, mən onu bir siyasətçi kimi deyil, bir alim, mütəxəssis, ziyalı kimi görürdüm. Hər halda bir siyasi partiya yaratmışdı. Və özü də, tərəfdarları da həbsinin səbəbi kimi siyasi fəaliyyətini əsas göstərir. Qanunu tətbiq edən orqanlar isə onu konkret, həm də ağır cinayət əməlində günahlandırır.
Həbs olunan kimi əvvəlcə Qubad İbadoğlunun FETÖ ilə - terror təşkilatı ilə bağlantılı olmasına işarə edildi. Buna formal səbəb FETÖ ilə əlaqədə günahlandırılaraq tutulanlardan birinin ondan şikayətçi olması idi. Ancaq məhkəmə Qubad bəy haqqında həbs qərarını saxta pul ittihamı üzərində qurdu. Onu mütəşəkkil cinayətkarlıqda ittiham etdilər. Bu da şəxsən məni çox sarsıtdı.
Hər bir halda Qubad İbadoğlu təkcə ailəsinin, partiyasının deyil, xalqın, dövlətin kisəsindən gedir. "Dövlət" sözünü işlədirəm, çünki o, öz biliyi, ağlı ilə dövlətə, cəmiyyətə çox böyük xidmətlər göstərə bilərdi. Ancaq bu gün cəmiyyətdən təcrid olunub.
Bu qədər söz yazırıq, ancaq söz də gücsüzdür. Bəli, hər bir adam hansısa cinayət əməlində şübhəli bilinə bilər. Haqqında şikayət ola bilər. Tutula bilər, saxlana bilər. Bunlar əgər əsaslı motivlərə söykənirsə, qanunun tələbidir, prosedur gərəyidir. Görmüşük, yaşamışıq. Yenə də görə, yaşaya bilərik. Heç kim heç nədən sığortalanmayıb. Əsas budur ki, şərləmə, sifariş, qəsdən qaralama olmasın. Biz istəyirik ki, istintaq orqanı ədalətli, qərəzsiz araşdırma aparsın, günahsızlığı sübuta yetirildikdə Qubad bəyi azadlığa buraxsın. Yaxud istintaq müddətində başqa qətiimkan tədbiri seçilə bilər. Obyektiv araşdırma olarsa, nəticəsini bütün cəmiyyət və bir fərd kimi biz də qəbul edərik.
Allah və qanun Qubad İbadoğlunun və bütün məhbusların qapısını açsın!
Sorğu
Yeni dizaynımız necədir?