İyulun 26-da vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə görüşə buraxılmayıb.
“Artıq 5 gündür, iyulun 23-dən Qubad İbadoğlu ilə ailəsi arasında hər hansı əlaqə yoxdur. Onun ailəsi ilə telefon danışığına da icazə verilmir. 1 saylı Bakı İstintaq Təcridxanasında mənə bildirirlər ki, müdafiə etdiyim şəxslə görüş üçün müstəntiqin məktubu olmalıdır. Mən isə bildirirəm ki, onun vəkiliyəm və hüquqlarını məhkəmədə müdafiə etmişəm. 1 saylı İstintaq Təcridxanasının bu hərəkətindən Penitensiar Xidmətə artıq şikayət vermişəm,” Sadıqova Amerikanın Səsinə deyib.
Vəkilin sözlərinə görə, Qubad İbadoğlu şəkər xəstəliyindən və qan təzyiqinin yüksək olmasından əziyyət çəkir.
“Onun hər zaman dərmanlar qəbul etməsinə və müayinəyə ehtiyacı var.”
Vəkil həmçinin Qubad İbadoğlunun yaşadığı evdə və bağ evində aparılan axtarış zamanı qanun pozuntuları ilə bağlı Nərimanov Rayon Məhkəməsinə şikayət verdiyini deyib.
Onun sözlərinə görə, Nərimanov Rayon Məhkəməsinin Qubad İbadoğlu barədə həbs qətimklan tədbiri seçməsi qərarından verdiyi apellyasiya şikayəti qəbul edilib və şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq. Amma hələ məhkəmənin vaxtı müəyyən edilməyib.
Qubad İbadoğlunun qardaşı Qalib Bayramov Amerikanın Səsinə deyib ki, yalnız iyulun 24-də Nərimanov Rayon Məhkəməsində qardaşını görə bilib.
“İyulun 24-dən sonra qardaşımla ailəmiz arasında hər hansı əlaqə yoxdur. Onun səhhətindən çox narahatıq,” o, qeyd edib.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinin sorğusuna hələ cavab verilməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?