Tehran rejimi ötən ilin geniş miqyaslı aksiyalarından sonra, deyəsən, özünə gəlir. 2022-ci il sentyabrın 17-dən başlayan hicaba qarşı etiraz aksiyaları zamanı ictimaiyyəti narahat edən bir çox məsələlərə üzə çıxdı. Aksiya iştirakçıları Tehranın bəsləyib böyütdüyü, cəmiyyətə sırıdığı şəxslərin, o cümlədən İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin, İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” ordusunun keçmiş komandanı, qətlə yetirilən general Qasım Süleymaninin, habelə inqilabın lideri ayətullah Ruhullah Xomeyninin portretlərini yandırıb, cırıblar.
Aksiyalarda səslənən şüarlar cəmiyyətin bu rejimə etirazlarının xülasəsi də sayıla bilər: “Qadın, həyat, azadlıq!”, “Pozğun da, əclaf da sənsən, mən azad qadınam!”, “Xamneyi qatildir, bu hakimiyyət batildir!”, “Xamneyiyə ölüm!”, “Sepahilərə ölüm!”, “Zülmkara ölüm: istər şah, istər ali rəhbər!”, “Diktatora ölüm!”, “Daş başına, Rəisi! Kül başına, Rəisi”, “Xalqı aldadan, haqqımız ver!”, “Dövlətin büdcəsi yox, bizə basqı göstərir!”, “Qanun pozan hakimiyyət, istefa, istefa!”, “Bizə işgəncə verməyin!”, “Döyüşəcəyik, öləcəyik, İranı geri alacağıq!”, “Müctəba (Xamneyinin oğlu – red.), öləsən, rəhbərliyi görməyəsən!”, “Yoxsulluqdan, ədalətsizlikdən aman, diktaturaya ölüm!”, “Nə yaylıq, nə təhqir, azadlıq və bərabərlik!” və s.
Güney Azərbaycanda irəli sürülən “Azadlıq, Ədalət, Milli hökumət!” şüarı İranda fars olmayanların tapdanan milli haqqının təmin olunmasına diqqəti çəkir. Güney Azərbaycan torpaqlarına iddia edənlərə də cavab verilib: “Bu torpaqdan pay olmaz, Urmu Kürdüstan olmaz!”, “Urmu gölü susuzdu, Azərbaycan oyanmasa, uduzdu!”, “Nə şahçıyam, nə şeyxçi, millətçiyəm millətçi”, “Azərbaycan milləti, çəkəmməz bu zilləti” və Azərbaycan türkcəsində başqa şüarlar da səsləndiriblər.
Bu aksiyalar nəticəsində Tehranın hərbi-polis qüvvələri 600-ə yaxın aksiya iştirakçısını qətlə yetirib, minlərlə etirazçı tutulub. Təkcə İranın müxtəlif həbsxanalarında son 7 ayda 123 etnik bəluc edam olunub. Onlar hakimiyyətə qarşı etiraz aksiyalarında iştirak ediblər.
Belə ehtimal etmək olar ki, Tehran hakimiyyəti ölkədəki etiraz aksiyalarının qarşısını tam aldıqdan sonra bir qədər arxayınçılığa çıxdı üçün “Əxlaq polisi”nin fəaliyyətini bərpa edib.
Ancaq bununla belə ölkədə ümumi itaətsizlik sürür. Rejimin bu addımına münasibət birmənalı olmayıb.
İranın keçmiş Prezidenti Məhəmməd Xatəmi “əxlaq polsinin” fəaliyyətinin bərpasının zərərli olacağını bildirib. Onun sözlərinə görə, bu istiqamətdə verilən qərar cəmiyyətin problemlərinin daha da alovlandıracaq. O, keçmişdə baş verənlərin acı nəticələrini nəzərə alaraq, hakimiyyəti bu addımı atmaqdan vaz keçməyə çağırıb. Məhəmməd Xatəmi bunu rejim üçün “intihar təhlükəsi” adlandırıb.
İranın Sistan-Bəlucistan əyaləti Zahidan şəhərinin imam cüməsi Mövləvi Əbdülhəmid iyulun 21-də cümə xütbəsindən sonra bildirib ki, qadınlar hicabı çıxarmaqla vətəndaş itaətsizliyi nümayiş etdirirlər: “Məcburi hicaba qarşı olanlar əslində narazıdırlar və hicabı çıxarmaqla vətəndaş itaətsizliyi göstərmək istəyirlər”. Onun sözlərinə görə, həbs və işgəncə yolu ilə iranlı qadınları hicabda saxlamaq mümkün deyil.
BMT-nin İranda insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Cavid Rəhman da “əxlaq polisinin” fəaliyyətinin bərpasını qınayıb: “Əxlaq polisi”nin küçələrə geri qaytarılmasında məqsəd məcburi hicab vasitəsilə qadınların hüquqlarını mümkün qədər pozmaqdır”. O, İranda insan haqlarının ən pis şəkildə pozulmasına işarə edərək, deyib: “İranlı qadın və qızlar öz fundamental hüquqlarının ən pis şəkildə pozulması ilə üzləşirlər və mən bunu gender ayrı-seçkiliyi adlandırıram”.
ABŞ dövlət katibi Antoni Blinken Tehran rejimin repressiyaları artırmasına etiraz etdiklərini vurğulayıb: “Biz İran rejiminin repressiyalarına qarşı mübarizəmizi davam etdiririk”.
Tehran hakimiyyətinin repressiyaları gücləndirməyə başlaması yeni, daha güclü etiraz dalğasının başlamasına səbəb ola bilər. Çünki İranın beynəlxalq səviyyədə dəstəkçiləri, xüsusən Rusiya və Çin artıq əvvəlki kimi müdafiə etməyəcəklər. Bu isə onun repressiyaları əvvəlki gücdə davam etdirməsinə problem yaradacaq. Bundan başqa, ölkədəki ağrı sosial vəziyyəti cəmiyyətin başqa təbəqələrinin, yeni şüarlarla meydan çıxacağını istisna etmir. Ona görə də İranda etiraz dalğası artıq hicaba qarşı deyil, daha fərqli şüarlarla başlaya bilər. Bütün hallarda İran rejimini payızda yeni etiraz sürprizləri gözləyir…
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?