Baş prokurorluq baş redaktordan nəyin “öcünü alır”?
Savaş veteranı, tanınmış jurnalist , “Hürriyyət” TV-nin və eyni adlı informasiya orqanın baş redaktoru Vüqar Tofiqoğlunun inzibati qaydada həbs edilməsi tam qanunsuz və əsassızdır. İnformasiya orqanının başlıca işi, adından bəlli etdiyi kimi, informasiya əldə etmək, onu yaymaqdır. Bu, Azərbaycan Respublikasının Konstitusiyasında doğrulanıb. Vüqar bəyin Müdafiə Nazirliyinin ehtiyatda olan əməkdaşının nazirlikdəki qanunsuzluqlar haqqında dediklərini yaymasında hansı qadağan olunmuş informasiya ola bilər ? Açıq-aşkar görünür ki, baş redaktora qarşı baş prokurorluq qərəzlə yanaşıb, tənqidə görə qisas, öc almaq yolu tutulub. Görəsən, baş prokurorluq “Hürriyyət”dən nəyin öcünü alır? Bəyəm Müdafiə Nazirliyini, onun başçılarını, baş prokurorluğu, onun başçılarını tənqid etmək ANA QANUNDA – ANA YASADA yasaq edilib? Axı, belə yasağın ağrısını “Tərtər cinayəti” timsalında çəkirik! Tənqidlərə, qınaqlara qadağa qoyulmasaydı, “Tərtər cinayəti” kimi dəhşətli, insanlıq əleyhinə qandonduran olaylar da baş verməzdi, torpaqlarımız da belə uzun müddətdə işğalda qalmazdı..
Onu da vurğulayaq ki, “Hürriyyət”ə qarşı milli mətbuat törəni günlərində qanunsuz, şəxsi mülahizəyə əsaslanan sanksiya baş prokurorluğun birinci ittihamı deyil. Altı il qabaq mətbuat orqanının partiya sədri, millət vəkili (millət vəkilinin keçmişi olmur- M.B.) Mirmahmud Mirəlioğlu ilə müsahibəsinin sonucu olaraq bütün kollektiv jurnalistlər üçün tikilən evdən mənzil almaq hüququndan məhrum edilmişdi. Onda da ordu rəhbərliyi haqqında müsahibin fikirləri qanunsuz sanksiyaya nədən olmuşdu, indi də. 6 il qabaq baş prokurorluq xəbərdarlıqla yetərlənmişdi, indi isə baş redaktorun və müsahibinin həbsi ilə daha da “irəli getdiyini ,”öcalan” olduğunu” ortaya qoydu. Gerçəkdə 6 il qabaq mətbuatda gedən informasiyaya obyektiv qiymət verilsəydi, “Tərtər cinayəti”nin qarşısı alınardı.
İnformasiyanın qarşısını , onu yayanları həbs etməklə almaqdansa, informasiyanın özünü yoxlayıb, qanunsuzluq edənləri həbs etmək daha məntiqli və qanuni olmaz(dı)mı ?
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?