Murov taborunda bir əsgər yoldaşım var idi. Ən ağır postlardan birində xidmət edirdi. Aramızda belə bir zarafat var idi ki, həmin postda dualar Allaha daha tez çatır. Çünki hündürlük 3400m üzərində idi. Həmin postda azca imkanı olan heç kim qalmırdı.
Bu əsgər yoldaşımın bəxti əvvəldən gətirməmişdi. Sağlamlığında olan problemlər, yoxsulluq, səfalət onu çox tez qocaltmışdı. O 3-4 yaşındaykən atası vəfat etmiş, 2 bacısını yanğından çıxarmış, amma onlar da həyatlarını itirmişdilər. Deyirdi, bu yaşınadək dəmir yığıb satmaq, təkər yamamaq, daş daşımaq ona çörək verib. Hərbi xidmətə gələrkən isə yaşlı anası və məktəbli bacısını Allahın ümidinə qoymuşdu. Çünki geridə onlara baxacaq kimsə qalmamışdı.
Bir dəfəsində taborun mərkəzinə düşmüşdü. Bir neçə gün bir yerdə olduq. Ailəsindən narahat idi. Çalışırdı ki, 2-ci dəfə məzuniyyətə getsin. Deyirdi, gedib məzuniyyətdə 3-5 kamaz daş vuracaq. Heç olmasa evdə 5-10 manat çörək pulları olardı. Onun məzuniyyətə getməsi üçün xeyli çalışdım, heç nə edə bilmədim.
Ona dövlət aylıq 26 manat əsgər maaşı verirdi. O da heç gigiyenik ləvazimatlara belə çatmırdı. Onunla belə 3-5 manat kənara atırdı ki, evə göndərər.
Son hərbi əməliyyatlara heç bir ictimai rəy bildirmək istəmədim. Belə bir fikrim də yox idi. Yuxuda gördüm ki, bu əsgər yoldaşım şəhid olub. İnsanlar bayraqlarla onu son mənzilə yola salır. Zəngə yuxudan ayıldım. Sonra yata bilmədim.
Fikirləşirəm ki, onun kimi neçə şəhidi yola salmışıq - sağlığında çörəyə möhtac olan? Vətən bu adamlar üçün də sağdırmı?
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?