“Azərbaycanda “Dövlət ehtiyatları haqqında” yeni qanun qəbul edildikdən sonra istehlak bazarında strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısı alınacaq”.
Gundemxeber.az bildirir ki, binu “Trend”ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, qanun layihəsinə əsasən, vətəndaşlarımızın daha çox istifadə etdiyi məhsullar üzrə strateji ehtiyatların yaradılması nəzərdə tutulur.
“Yalnız taxıl deyil, eyni zamanda əhalinin istifadə etdiyi digər vacib ərzaq məhsulları üzrə strateji ehtiyatlar yaradılacaq. Strateji ehtiyatların həm dövlət, həm də bu sahədə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən yaradılması nəzərdə tutulur.
Eyni zamanda qanun layihəsinə əsasən, istehlak bazarında qiymətlərin monitorinqi aparılacaq. Əgər hər hansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətində artımlar varsa, o zaman həmin ehtiyatlardan istifadə etməklə qiymətlərin tənzimlənməsi və artmış qiymətlərin aşağı salınması gözlənilir.
Ona görə də qanunun qəbul olunmasından sonra yeni strateji ehtiyatların yaradılması hesabına istehlak bazarında tarazlığın qorunub saxlanması və ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısının alınması mümkün olacaq”, - deyə deputat əlavə edib.
Deputatın sözlərinə görə, bu qanun qəbul edildikdən sonra gözlənilir ki, strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısı məhz həmin ehtiyatlardan istifadə etməklə alınacaq və bu da bazarda vətəndaşlarımız üçün strateji ərzaq məhsullarının daha optimal qiymətə təklif edilməsinə imkan verəcək.
Qeyd edək ki, “Dövlət ehtiyatları haqqında” yeni qanun layihəsi oktyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?