Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar- fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə istehlak qiymətləri indeksi 12,5 faiz artıb. Halbuki, ötən ilin müvafiq dövründə əvvəlki illə müqayisədə qiymətlərin ümumi səviyyəsində 11,7 faiz artım qeyd alınmışdı. Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri, 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 8,4 faiz bahalaşıb. Bu ilin ilk 2 ayında ərzaq məshulları səbətində ən çox bahalaşmaya məruz qalan meyvələr (20,2 faiz), ət məhsulları (19,7 faiz) və qənd, cem, bal, şokolad və konfetlər (17,6 faiz) olub. Qeyri-ərzaq məhsullarına gəlincə, onlardan parçalar (22,6 faiz), ayaqqabı (20,1 faiz) və geyim (18,7 faiz) daha çox bahalaşmaya məruz qalıb. Xidmət səbətində ən çox bahalaşma kanalzasiya xidmətlərində (250 faiz), elektrik enerjisi təchizatında (33,3 faiz) qeydə alınıb. Çox güman ki, təbii qaz təchizatında bahalaşma cari aydan etibarən başlayacaq və bu da son nəticədə xidmət bölməsində inflyasiyanı daha da yüksəldəcək. Bu ilin ilk 2 ayının nətciələrinə istinadən demək olar ki, manatln məzənnəsində “sabitlik” müşahidə olunsa da bu qiymətlərin artımı dayandırmadı, əksinə göründüyü kimi qiymətlər daha sürətlə bahalaşmaqdadır. Düzdür, burda mövsümi amillərin təsiri və Tarif Şurasının məlum qərarları mühüm rol oynayıb. Amma, eyni zamanda bahalaşmanı yaradan ənənəvi faktorlar istehlak bazarında və idxalda inhisarçılıq meyllərinin güclənməsi də inflyasiyanın artımında ciddi rol oynayır. Belə ki, bu dövrdə istehlak bazarında hökmran mövqeyə malik olan “Azərsun” şirkəti dəfələrlə kiçik porsiyalarla olsa da təklif etdiyi malların pərakəndə satış qiymətlərini artırıb. Digər tərəfdən də idxal mallarının strukturuna baxsaq görərik ki, ilin başlanğıcında 2016-cı ilin yanvar ayı ilə müqayisədə mühüm məhsul növlərindən buğda – 3,4 dəfə,kərə yağı, digər süd yağları və pastaları – 3,3 dəfə, çay – 2,8 dəfə, quş əti və onun əlavə məhsulları – 2,7 dəfə, təzə meyvə – 60,0 faiz, mal əti – 58,6 faiz, xam şəkər və şəkər idxalı 35,3 faiz, təzə tərəvəz – 25,6 faiz artıb. Bu isə onu deməyə əsas verir ki, devalvasiyanın qiymət artımına təsirləri davam etməkdədir. Eyni zamanda rəsmi statistika göstərir ki, milli iqtisadiyyatln qeyri-neft sektoru yenə də adı çəkilən məhsul növləri daxili istehlak tələbatını yerli məhsullarla ödəmək qabliyyətində deyildir. Odur ki, həmin məhsullar üzrə daxili tələbatın yerli istehsal hesabına ödənilməsi barədə səsləndirilən fikirlər, o cümlədən də ötən il kənd təsərrüfatı məhsullarının istehsalında artım barədə rəsmi statistik informasiyalar şübhə doğurur. Fikrimizcə, mart və aprel aylarında qiymətlərin səviyyəsində artım daha da sürətlənəcək, Qiymətlər üzərində ststistik müşahidələr və tendensiyalar göstərir ki, cari və gələn aylarda ən çox bahalaşma ərzaq və xidmət səbətində gözlənilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?