Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Pambıq yığımında əziyyəti kəndli çəkir, qazancı oliqarxlar götürür” - NAZİRİN NƏZƏRİNƏ...
“Əvvəlcə kəskin istilər, quraqlıq, ardınca aramsız yağışlar, dolu pambığı məhv etdi. Bu il ən məhsuldar bölgədə belə məhsuldarlıq azı 10 sentner aşağı düşəcək. Neçə illərdir belə kəskin vəziyyət olmamışdı”.
Gundemxeber.az bildirir ki, bunu Meydan TV-yə sabirabadl fermer Çingiz Məmmədov deyib. Onun sözlərinə görə, sahələrin çoxunda pambıq yığılıb, vəziyyət heç də ürəkaçan deyil.
“Son 20-25 ildə belə vəziyyətlə qarşılaşmamışıq. Yağış suvarılma dövründə yağmadı, vaxtsız yağdı. Bir yandan da zavodlar zibili çox tutur. Bilmirsən, kimi günahlandırasan, amma onu bilirik ki, pambıqçılara dəstək göstərilməlidir”,- pambıqçı deyib.
Fermerlərdən biri isə bildirib ki, yağışlara görə məhsuldarlıq aşağı düşüb, çoxu zavodlara olan borcunu ödəməkdə çətinlik çəkir. Bir yandan da hava şəraiti pisləşən kimi işıqlar sönür, pambıq qəbulu məntəqəsində məhsulu boşalda bilmirlər:
“Neçə illərdir işləyirik, belə vəziyyət olmamışdı. İl-ildən çətin gəlir. Yığım dövründə yağışlar imkan vermir, işıqlar tez- tez sönür, yollar təmirsiz olduğundan gediş-gəliş çətinləşir, bir yandan da 30 manat verib “Asan imza” almalıyıq. Fermer yazıq neçə yerə parçalansın? Qazanc yaddan çıxıb, heç olmasa borclu qalmayaq”.
Yağıntılı hava Biləsuvarda da pambıq yığımına çətinlik yaradıb. Fermerlər deyir ki, məhsul yerə tökülüb zay olur.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, pambıq istehsalı 61 faiz azalıb.
“Əvvələdən təklif etmişdik ki, pambıqçılıq hökumətin nəzarətindən çıxıb, fermerlərin ixtiyarına verilsin. Məmur-oliqarxlar gəlir gətirən sahələri, pambığın qəbulu, emal və ixracını öz əllərinə keçirdilər. Pambığın çətin, riskli hissəsi isə kəndlilərin üzərindədir. Yəni istehsalla kəndli məşğul olur, əziyyətini onlar çəkir, pambıqdan qazanc əldə edən isə oliqarx-məmurlardır”,– Məhərrəmli deyib.
Ekspert söyləyib ki, pambıq yığımı oktyabrın 15-nə kimi yekunlaşmalı idi. Amma yığım davam edir:
“Azərbaycanda tezyetişən sortlar yetişdirilməlidir ki, yığım qısa müddətdə tamamlansın. Xaricdən gətirilən toxum da müəyyən əllərdədir, kəndlilərin seçimi yoxdur. Xarici ölkələrdə də iqlim dəyişikliyi var, kəskin istilər, aramsız yağışlar olur. Əsas bitkinin stress amilinə dözümlü olmasıdır”.
Məhərrəmli qeyd edib ki, pambıq avqustun axırınadək yetişməliydi, yığım bitməliydi. Pambıq yığımı üçün 500-ə yaxın kombayn var. Kombaynlar gecə-gündüz pambıq yığa bilər:
“Pambıq yığımına məsuliyyət daşıyan kəndlilər ziyana düşürlər, amma gəlir əldə edənlər vəziyyətdən sui-istifadə edib qazanclarını artırırlar. Buna görə də deyirik ki, bu sahə tamamilə kəndli-fermerlərə verilməlidir”.
Bu il fermerlər tərəfindən 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Hələlik pambıq yığımı ilə bağlı rəsmi göstəricilər açıqlanmayıb.
Gundemxeber.az
11-01-2013, 10:55
11-02-2016, 21:35
17-11-2017, 15:30
27-06-2019, 12:26
3-12-2017, 12:41
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?