Laçın şəhərindəki binanın rayonun mərkəzi xəstəxanası kimi fəaliyyət göstərməsi üçün əsaslı təmir olunması istiqamətində işlərin görülməsinə başlanmasından sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) bu işi görən şirkətlə müqavilə bağlayıb.
GUNDEMXEBER.AZ bildirir ki, bu barədə araşdırmaçı jurnalist Hafiz Babalı məlumat yayıb. “Beş gün qabaq (24 noyabr – red.) Laçın Rayon Mərkəzi Xəstəxanası Feysbuk səhifəsində məlumat yayıb ki, Laçın şəhərindəki bina xəstəxana kimi istifadə olunmaq üçün əsaslı təmir olunur. Şəkillərdən də görünür ki, təmirin qızğın çağıdır. Elə həmin günlərdə (noyabrın 24-də) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi şirkətlərdən biri ilə bu işlərin görülməsi məqsədilə müqavilə bağlayıbmış. Məntiqlə inşaat şirkəti təmir işlərinə daha əvvəl başlayıb, deyilmi?”, - deyə H. Babalı bildirib.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sözügedən işlə bağlı müqavilə bağladığı şirkət “Caspian road” MMC-dir. Agentlik Laçın Rayon Mərkəzi Xəstəxanasının müvəqqəti olaraq orada yerləşdirilməsi məqsədilə Laçın şəhərində yerləşən mövcud binanın əsaslı təmir işlərinə görə MMC-yə 3 milyon 96 min 992 manat 28 qəpik ödəyəcək. Nizamnamə kapitalı 60 min 10 manat olan “Caspian road” MMC-nin qanuni təmsilçisi Əliyev Vüsal Zakir oğludur. Şirkət 6 avqust 2020-ci ildə qeydiyyata alınıb və hüquqi ünvanı “AZ1122, Bakı şəhəri Yasamal rayonu, general Akim Abbasov küçəsi, ev 1C, m. 51”də yerləşir.
Jurnalistin bu haqda məlumat yaymasından sonra Laçın Rayon Mərkəzi Xəstəxanası adına açılmış Feysbuk səhifəsi platformadan silinib./yeniavaz/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?