Varlıq nə deməkdir? Nəfəsmi almaqdır, ya ölənə qədər yaşadığımız müddətdir? Yoxsa biz öləndən sonra da mı yaradacağımız səbəblərdir? Biz dünyaya ilk göz açdığımız andan bizi var edəcək səbəblər də bizdən xəbərsiz bizimlə var olur. Böyük əllərdə kiçik bədənlərimiz əldən-ələ keçərkən heç kimin ağlına belə gəlmir ki, indi əlimizdə, ovuclarımızda olan bu körpə bədənin köksündə necə bir ürək döyünəcək..
Hamı üçün simvolik mənası olan 14 fevral, 1996-cı ilin bu günü Fərəcovlar ailəsi üçün sonsuz, ucsuz-bucaqsız dünyaya sığmayacaqları tarix oldu. Bu gün çoxumuzun yanından, eyni səma altında eyni nəfəsi aldığımız, eyni soyuğu və istini hiss etdiyimiz, hətta bəlkə də bir-birimizi tanımadan, ötüb-keçdiyimiz Kamran Fərəcov dünyaya göz açdı..
O gözlər ki 24 ildən sonra əbədi olaraq yumulacaq.
O ürək ki özünü biləndən Vətən üçün döyünüb, Vətən üçün dayanacaq.
O can ki işğal tarixi yaşından böyük olan amma heç vaxt görmədiyi, böyümədiyi torpaqlar üçün qurban veriləcək.
Kim bilə bilərdi? Sən mi? Mən mi? İlqar atamı? Reyhan anamı? 3 bacısımı? Yoxsa yarı Fidan xanımmı? Heç birimiz..
Vətənə ana deməyin bədəli onun qoynuna girə bilməyi də hünər etmək idi təbii..
Deyirlər, valideyni ölənə yetim, yoldaşı ölənə dul, amma övladı ölənə nə deyərlər bilməzlərmiş..
II Qarabağ müharibəsində neçə belə hekayələr yazıldı. O hekayələrin qəhrəmanlarından biri Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin üzvü, snayper, baş əsgər,şəhid Kamran Fərəcov İlqar oğludur. Müharibəyə qatıldığını ailəsinə bildirmədi. Amma qatıldığını başqa formada ailəsinin qarşısına çıxaraq bildirdi. Ayaqda yox, al bayraqla.. Tabutundakı al bayraq üstünə kəfən olana qədər o, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut və Şuşada şanlı Azərbaycan bayrağının dalğalanması üçün bütün varlığı ilə döyüşdü. Snayper olduğu üçün sərrastlıqla neçə ermənini Vətən torpaqlarından birdəfəlik sildi.
Əzmlə, qətiyyətlə və dəqiqliklə!
Bir tərəfdən ermənini məhv edən Kamran, digər tərəfdən "birdən Kamrana nəsə olar" qorxusunu sevdiklərinin canına keçirtdi. Bacılarını arxasız, valideynlərini qol-qanadsız, yoldaşı Fidan xanımı isə daim qanayacaq yarayla baş-başa buraxdı. Fidan xanım ailə həyatı qurandan sonra itirmiş atasını, ailəsini Kamranda tapmışdı. İndi isə Kamran gedişi ilə Fidan xanıma bir ailə, Fidan xanımı isə ailəsinə nişanə qoyub getdi, bu dünyadan.
Bu dünyadan ailəsinə, bacılarına dayaq olan, yoldaşı Fidan xanıma dünya olan bir Kamran keçdi...
24 yaşında, oktyabrın 24-də, Xocalıda, qəhrəmancasına..
Sorğu
Yeni dizaynımız necədir?